22.11.2024, 12:02
AZ EN
13.04.2024, 08:19 335

Xronika: “Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir”

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “Ermənistan Azərbaycana qarşı iddialarını yenidən irəli sürəcək...” adlı analitik süjet hazırlanıb.

Verilişdə bu il aprelin 5-də Brüsseldə keçirilən Ermənistan, Avropa İttifaqı və ABŞ formatındakı görüşün Cənubi Qafqazda yeni siyasi şərtlərin başlanğıcı olduğu, görüşdə Ermənistan iqtisadiyyatının “inkişafı” məsələlərinin müzakirə olunduğu bildirilib.

Qeyd olunub ki, Ermənistana ayrılan 270 milyon avro, 65 milyon dollar gerçək planların kamuflyajıdır:

“Avropa İttifaqı və ABŞ onsuz da hər il Ermənistana maliyyə yardımı ayırır. Təbii ki, Brüssel görüşünə iqtisadi fon verildi, gerçək hədəf Ermənistana hərbi dəstəklə bağlı razılaşma idi. Artıq Ermənistanın bütün sərhədboyu ərazilərdə atəş açması bölgədə eskalasiya mərhələsinin yenidən başlaması perspektivindən xəbər verir. Bəllidir ki, Qərbin hədəfi Rusiyadır, amma Moskvaya qarşı siyasətdə Azərbaycan da hədəflər arasında olması riski var. Proseslər Cənubi Qafqazda böyük, həm də həlledici qarşıdurmanın olacağı istiqamətində inkişaf edə bilər. Bu situasiyada itirən və dağılan isə Ermənistan olacaq”.

Diqqətə çatdırılıb ki, Ermənistanda gedən müzakirələr də 5 aprel görüşünün onlar üçün dağıdıcı gələcək vəd etdiyi yönündədir. Erməni mediası və ekspertlərin əsas fikri belədir ki, Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir və baş verə biləcək hərbi toqquşma rəsmi Bakının Qərbi Azərbaycan planının reallaşması ilə nəticələnə bilər. Ermənistandakı müzakirələr göstərir ki, onlar Qərbi Azərbaycan reallığına etiraz etsələr də, bu reallığı tədricən qəbul etməyə də başlayıblar.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycan bir gün azad olunacaq, həmin gün çox da uzaq görünmür, proseslərin inkişafı da bu yöndə sürətlənib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)

Ətraflı linkdə: https://www.youtube.com/watch?v=KFei7WXTv9A

Oxşar xəbərlər