Dünən Ermənistan mətbuatına istinadən xəbər vermişdik ki, iqtisadiyyat nazirliyində aparılan qəfil reyd nəticəsində həbs edilənlərdən biri parlamentin sədri Alen Simonyanın qardaşı arvadı idi və o artıq sərbəst buraxılıb. Səbəb kimi isə onun yox, başqalarının günahkar olduğu göstərilmişdi və əlavə olunmuşdu ki, nazir Vahan Keropyan isə istefa ərizəsi yazmağa məcbur edilib. Bu günkü xəbərlərdən biri məhz V.Keropyanın milli təhlükəsizlik xidmətinə çağırılaraq dindirilməsi ilə bağlıdır. Onunla birgə daha 6 vəzifəli şəxs də sözügedən qurumda sorğu-suala tutulublar. Onlar vəzifədən sui-istifadə, dövlət vəsaitini mənimsəmə, rüşvət və s. bağlı izahat yazıblar. Həmin şəxslərin barəsində cinayət işinin açılacağını ehtimal edən "Hraparak" əlavə edib ki, Paşinyan öz komandasının üzvlərindən xoşu gəlməyənləri cəzalandırmaqla həm ətrafındakıları etibarlı olmağa çağırır, həm də cəmiyyətdə qanun keşikçisi imici qazanmağa cəhd edir ki, barəsində səslənən xain, torpaqsatan sözləri getdikcə arxivə düşsün.
N.Qaramanlı