Bunu xarici işlər naziri Ararat Mirzoyan ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclasında çıxışı zamanı deyib.
Diplomat xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır: rəsmi Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonra demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi, qarşılıqlılığının tanınması əsasında regionda kommunikasiyaların açılması.
"Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini təsdiqləyir və bu istiqamətdə əməli addımlar atmağa hazır olduğunu nümayiş etdirir", - o əlavə edib. (Report)