24.11.2024, 23:11
AZ EN
31.08.2023, 16:26 304

Avropa İttifaqının Ermənistandakı missiyası nəyi və necə müşahidə edir?

XƏBƏRLƏR
  • “Biz gizli heç nə etmirik. Bizdə iki növ patrul var. Birincisi Azərbaycanla sərhəd boyu, həm də sərhədin hələ dəqiqləşdirilməmiş hissələrində müşahidələr aparır. Səfərlər haqqında bir həftə öncə məlumat yayırıq”.

“Vətən səsi” xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter deyib. O, “AzadlıqRadiosu”nun Azərbaycan xidmətinə müsahibəsində missiyanın gördüyü işlərin detallarını açıqlayıb: “Bəzi patrulları erməni hərbçiləri müşayiət edir, amma müşayiəti olmayan patrullar da az deyil. Son gəlişimizdən sonra istehkamlarda hər hansı dəyişiklik olub-olmadığını müşahidə edir, foto-şəkillər çəkir və müqayisələr aparırıq. Sonra onları Brüsselə göndəririk. İkinci növ patrul qrupu hər hansı şəkildə münaqişədən zərər çəkmiş kəndlərə və təsərrüfatlara baş çəkir. Biz adi insanlarla danışırıq ki, görək, onlar nələr hiss edirlər, vəziyyəti necə görürlər. Bu hesabatlar Brüssel üçün vacibdir ki, durumun necə olduğunu bilsinlər. Texniki avadanlıq kimi durbin və kameralardan istifadə edirik”.

Yeri gəlmişkən, bu yaxınlarda erməni mətbuatı Avropa İttifaqının müşahidəçilərinin guya, Azəbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə məlumat yaymışdı. Azərbaycan tərəfi isə ermənilərin növbəti uydurmasına dərhal reaksiya verərək dünya ictimaiyyətini çaşdırmaq istəyən rəsmi Yerevanın yaydığı məlumatları təkzib etmişdi. Azərbaycan Müdafiə Nazirliyinin təkzib bəyanatından az sonra Avropa İttifaqının missiyası da Ermənistanın yalanını üzə çıxarmışdı. Belə ki, Avropa İttifaqının Ermənistandakı missiyası X platformasında paylaşım edərək “Avropa İttifaqı missiyasının patruluna heç bir atəş açılmayıb” yazmışdı.

“Biz sərhəd boyunca patrul aparırırq və məsuliyyət zonasındakı atəş açılması halları da daxil olmaqla, hərbi yenilikləri Brüsselə məruzə edirik”, - deyə Aİ-nin paylaşımında qeyd olunurdu.

Elxan SALAHOV

Oxşar xəbərlər