22.11.2024, 10:23
AZ EN
30.08.2023, 13:30 311

Separatçılar arasında gərginlik pik həddə çatır

XƏBƏRLƏR

Bakıdan Xankəndiyə göndərilən yardım Arutyunyanın devrilməsi prosesini sürətləndirə bilər

  • Ermənistandan Qarabağa “humanitar yardım” gətirən TIR-ların uzun müddətdir “Laçın” sərhəd keçid məntəqəsindən buraxılmamasından dolayı Xankəndində siyasi gərginliyin artması fonunda separatçı dəstələr arasında ixtilaflar son mərhələyə çatır. Qondarma rejimin uydurma “müstəqillik günü”nün yaxınlaşması separatçı liderlər arasında aylardır düşmənçilik həddinə çatan intiriqaları bir az da dərinləşdirib. İş o yerə çatıb ki, qondarma rekimin lideri Araik Arutyunyana qarşı bir cəbhədə birləşmiş və “səkkizlik” adlandırılan qrup ixtilafları çözmək üçün yenidən bir araya gəlsələr də, görüş qarşıdurma ilə başa çatıb.

“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. “Hraparak” qəzetinin yazdığına görə, avqustun 29-da Xankəndindəki “qanunverici orqan” hesab olunan qondarma “parlament”in növbədənkənar “sessiyası” çağrılıb. “Sessiya” zamanı separatçı-terrorçu rejimin keçmiş “prezidenti” Arkadi Qukasyanla qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi və sabiq “müdafiə naziri” Samvel Babayan arasında qarşıdurma baş verib. Belə ki, Qukasyan qondarma Qarabağdakı mövcud vəziyyət barədə danışarkən separatçıların bəzilərini düzgün danışmağa və həqiqəti etiraf etməyə çağırıb. O, separatçıların bəzilərini hazırkı vəziyyətdən sui-istifadə edərək siyasi dividendlər qazanmaq üçün çirkin yola əl atmaqda günahlandırıb.

Sabiq “prezident” keçmiş “müdafiə naziri” Samvel Babayanın son bəyanatına istinad edərək Araik Arutyunyandan həmin bəyanatlara, xüsusən də “zirzəmi razılaşmaları”na aydınlıq gətirməsini tələb edib. Arutyunyan isə öz növbəsində Babayanın son bəyanatlarında “zirzəmi razılaşmaları” haqda dediklərini tamamilə təkzib edib. Babayan özü isə susqunluq nümayiş etdirərək dolayısı ilə ona ünvanlanmış ittihama heç bir cavab verməyib.

“Hraparak” qəzeti yazır ki, Babayan hazırkı “prezident”ə müxalifətdə olan və onu devirməyə hazırlaşana “səkkizliyi” Arutyunyanla razılığa gəlməkdə, növbəti “prezident” və “hökumət”in tərkibini müəyyənləşdirməkdə ittiham edib. Halbuki həmin 8 nəfər arasında təxminən iki həftə əvvəl Arayik Arutyunyanla görüşən və istefa vermək niyyətini müzakirə edən  keçmiş “president”lər Bako Saakyan və Arkadi Qukasyan da var.

 Görünür, qondarma rejim ətrafında baş verənlər, xüsusilə separatçı liderlər arasında aylardır davam edən mübahisələrin çözülməsi üçün məhz indiki vaxtda xüsusi toplantının keçirilməsi təsadüf deyil. Çünki sentyabrın 2-də həm İrəvanda, həm də Xankəndidə qondarma rejimin guya müstəqillik günü qeyd olunacaq və bu məqsədlə hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələr mitinqlərə çağırış ediblər. Bakının Ağdam-Xankəndi yolu ilə Qarabağın erməni sakinlərinə dünən göndərdiyi humanitar yükün separatçılar arasında böyük ajiotaj yaradacağı gözlənilən idi.

“Hraparak” Xankəndindəki separatçı liderlər arasındakı ziddiyyətlərin də tarixinə yer ayırıb. Qəzet yazır ki, hələ 2000-ci ildə qondarma “Artsax”ın “prezidenti” Arkadi Qukasyana qarşı baş vermiş sui-qəsdin təşkilatçısı Samvel Babayan olub. Məhz buna görə, Babayan 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəmi 4 ildən sonra Ermənistanın o dövrdəki prezidenti Robert Köçəryanın təkidi ilə Arkadi  Qukasyan keçmiş “müdafiə naziri”ni əfv edərək azadlığa buraxıb.

 “Onlar əbədi düşmən olublar. Dünənki sessiyada bu, bir daha təsdiq olundu. Qukasyan fürsəti əldən verməyərək həm keçmişdə, həm də indi “Artsax”ın taleyinə məsuliyyət daşıyan şəxsləri bir daha səhvlərə yol verməməyə, yaranmış vəziyyətdən siyasi dividendlər əldə etmək üçün çirkin cəhdlər etməməyə səslədi”, - deyə qəzet yazır.

Xatırladaq ki, separatçıların başçısı Araik Arutyunyan “Laçın” nəzarət-buraxılış məntəqəsinin qaçaqmalçı quldurların üzünə bağlanmasından sonra çıxılmaz vəziyyətdə qalıb. BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı heç bir sənəd qəbul edilmədiyini və bir aydan çox davam edən təxribat xarakterli kampaniyaların nəticəsiz qaldığını görən separatçı-terrorçu dəstənin lideri istefa vermək məcburiyyətində qaldığını etiraf edib. O, bu qərarını BMT-nin məlum iclasından dərhal sonra qondarma “Artsax hökuməti”nin iclasında bəyan etmişdi. Lakin o, sonradan fikrini dəyişib və bu səsəbdən sabiq “dövlət naziri” Ruben Vardanyanın qəzəbinə tuş gəlib. Arutyunyanı istefaya göndərməyi qarşıya məqsəd qoyan “səkkizlik” qrupu da bundan sonra açıq fəaliyyətə keçib.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR