05.02.2025, 04:07
AZ EN
23.08.2023, 13:50 306

David İşxanyan Qarabağdakı “rus icması”nın rəhbəri ilə görüşüb

XƏBƏRLƏR
  • Xankəndində separatçı rejimin qondarma “parlament” sədri David İşxanyan iki gün əvvəl Qarabağdakı qondarma “rus icması”nın rəhbəri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Qarabağ üzrə nümayəndəsi Aleksandr Bordovu qəbul edib.

“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, Rusiyanın bölgədəki agentlərindən biri kimi tanınan Aleksandr Bordov Qarabağdakı “rus icması”nın “fəaliyyəti, icma həyatı ilə bağlı problemlər, həyata keçirilən tədbirlər barədə danışıb. Tərəflər Qarabağdakı Rusiya "icması" ilə yerli "parlament" arasında əməkdaşlığın gücləndirilməsinə dair bəzi məsələləri də müzakirə ediblər.

Son günlər “Laçın” sərhəd-keçid məntəqəsi vasitəsilə bölgəni tərk edənlərin sayının artması da David İşxanyanın Qarabağdakı “rus icması”nın rəhbəri ilə görüşünün əsil səbəblərindən biri ola bilər. Çünki son günlər nəzarət-buraxılış məntəqəsindən keçərək Qarabağdan Ermənistana gedənlər arasında Rusiya pasportu daşıyanlar üstünlük təşkil edir. Bu isə Qarabağda yaşayan "rus icması"nın mövcud vəziyyətlə əlaqədar bölgəni birdəfəlik tərk etməsi barədə məlumatların yayılmasına rəvac verib.

Yeri gəlmişkən bu gün daha 100 nəfərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Xankəndi-Gorus istiqamətində gedişini şərait yaradılıb. Onların arasında Qarabağda yaşayan erməni əsilli sakinlərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş və hazırda qonşu ölkənin pasportunu daşıyan şəxslər də var. Ümumilikdə isə son üç gündə “Laçın” sərhəd-buraxılış məntəqəsində 200-dən çox insanın sərbəst keçidinə şərait yaradılıb. Mümkündür ki, Qarabağdakı qondarma "parlament"in daşnak "spikeri” David İşxanyanməhz bu məsələləri müzakirə etmək üçün “rus icması"nın rəhbəri ilə xüsusi görüşə ehtiyac duyub.

Xatırladaq ki, bu yaxınlarda Xankəndindəki qondarma “parlament”in rəhbəri “seçilmiş” David İşxanyan  terrorçu “Daşnaksütyun” partiyasının Qarabağdakı rəhbər nümayəndələrindən biridir. O, Qarabağdakı separatçı rejimin rəhbəri Arayik Arutyunana müxalifətdə olan əsas güc mərkəzinin rəhbəri kimi tanınır. Onun hətta Arayikin yerinə hazırlaşması və separatçı rejimə rəhbərlik etməyə iddialı olmasına dair məlumatlar dolaşır.

Elxan SALAHOV

Oxşar xəbərlər