Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) loqosu ilə nişanlanmış yük maşınları vasitəsilə Ermənistandan Qarabağa qaçaqmal daşınması faktının üzə çıxmasından sonra “Laçın” nəzarət-buraxılış məntəqəsində gediş-gəlişin məhdudlaşdırılması, ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla keçirdiyi sonuncu görüşdə səsləndirilən bəyanatlar, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara yardım əlini uzatmaq istəyi erməni cəmiyyətində əməlli-başlı çalxalanmaya səbəb olub. Xüsusilə Xankəndiyə humanitar yüklərin daşınması üçün Ağdam-Əskəran yolundan istifadə edilməsi barədə təkliflər böyük rezonans doğurub.
“Vətən səsi” xəbər verir ki, artıq Ermənistan cəmiyyətində kifayət qədər populyar olan fərqli düşüncəyə malik siyasətçilər Azərbaycanın humanitar yardımların yeni marşrutla göndərilməsi təklifinin dəstəkləməyə başlayıblar. Son günlər Ermənistanda parlamentində təmsil olunan deputatlar, müstəqil siyasətçilər və ictimai fəallarla yanaşı Qarabağda yaşayan sadə ermənilər arasında da Ağdam-Əskəran-Xankəndi yolunun gec və ya tez açılacağını, Azərbaycana inteqrasiyanın qaçılmaz olduğunu anlayanların sayı artmaqdadır. Sonuncu bu cür mövqe keçmiş deputat Sofya Ovsepyandan gəlib.
Ermənistanda nəşr olunan “Hraparak” qəzetində bununla bağlı kiçik, amma mənaca çox böyük bir məqalə dərc olunub. Qəzet yazır ki, keçmiş deputat Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında yaşayan erməni əhalisini aclıq təhlükəsi ilə üzləşdirmək nə separatçılara, nə də Ermənistan hakimiyyətinə xeyir gətirməyəcək.
“Tezliklə yuxudan oyanacaqsınız və ilk sualınız belə olacaq: bu gün nə yeyək? Maksimum bir həftə sonra Qarabağda aclıqdan ölüm halları barədə eşidəcəyik. Təsəvvür edə bilirsiniz? Əlbəttə, yox. Sadəcə bilin”, – deyə keçmiş deputat Sofya Ovsepyan erməni ictimaiyyətinə müraciət edərək bildirib.
Vəziyyətin gündən-günə mürəkkəbləşdiyini nəzərə alan Qarabağ separatçıları çox qısa zamanda bölgədə ərzaq və dərman çatışmazlığının pik həddə çatacağından narahatdırlar. Separatçı-revanşistlər qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətin nizamlanmasına köməklik göstərilməsi üçün Ermənistana hökumətinə müraciət ediblər. Ermənistana çağırış edən separatçılar Rusiya sülhməramlılarına beynəlxalq mandat verilməsi üçün təcili tədbirlərin görülməsini tələb edirlər.
“Ermənistan Respublikasını Qarabağdakı sülhməramlı missiyanın beynəlxalq mandat alması BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırırıq”, – separatçıların oyuncaq “parlamentinin” müraciətində bildirilib.
Qırx dörd günlük müharibədən bir qədər sonra Rusiyadan aldığı təlimat əsasında Qarabağa gələn və separatçı rejimin “dövlət naziri” kimi fəaliyyətə başlayan Ruben Vardanyan (artıq o da bu vəzifəsi ilə vidalaşmalı olub – red.) da çıxılmaz durumda olduqlarını, bölgədə həm humanitar, həm də ictimai-siyasi vəziyyətin sürətlə ağırlaşdığını etiraf edib. Separatçı-milyarder 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış Ermənistanın siyasi səhnədə təkləndiyinə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni əhalinin çətin duruma salındığına işarə edərkən həyəcanını gizlədə bilməyib: “Qarabağda böhran hər ötən saat dərinləşir. Bu vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görülməlidir. Əgər “Laçın yolu” gediş-gəliş üçün bağlıdırsa, onda Qarabağ əhalisinə hava məkanından istifadə etmək üçün şərait yaradılmalıdır. Eyni zamanda BMT-nin və digər beynəlxalq təşkilatların humanitar missiyaları Xankəndiyə birbaşa gəlmək və kömək etmək imkanlarına sahib olmalıdırlar. Vaşinqton, Paris və Moskvanın nümayəndələrinin təmsil olunduğu beynəlxalq vasitəçilər Bakıya təzyiq göstərməlidir. Rusiya sülhməramlı missiyası BMT-dən rəsmi mandat almalı və BMT bu missiyanın genişləndirilməsi məsələsinə baxa bilməlidir. Məsələn, Çin də beynəlxalq sülhməramlı missiyanın tərkibinə cəlb olunmalıdır”.
Elxan SALAHOV