20.09.2024, 11:01
AZ EN
19.07.2023, 15:59 225

Moskva Vardanyanı yenidən “dirildir”

XƏBƏRLƏR
  • Qarabağdakı qondarma rejimin sabiq “dövlət naziri”, Rusiyanın adamı kimi məşhurlaşan separaçı-milyarder Ruben Vardanyan “tvitter” səhifəsində Avropa İttifaqını tənqid atəşinə tutub.

“Vətən səsi” xəbər verir ki, erməni mətbuatının yaydığı məlumata görə, iyulun 15-də Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələrindən pərt olan erməni milyarder Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin 3 saatadək davam edən müzakirələrin yekunlarına dair bəyanatını özləri üçün təhqir hesab edir. O, xüsusilə Ermənistandan Qarabağa qaçaqmalçılığa göz yuman və loqosu ilə nişanlanmış yük maşınları vasitəsilə bu cür qanunsuz daşımalara şərait yaradan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) humanitar yardım üçün alternativ marşrut təklif olunmasından qeyzlənib. Vardanyan iddia edir ki, Avropa İttifaqı Azərbaycanın humanitar yüklərin daşınması üçün Ağdam-Əskəran-Xankəndi yolundan istifadə edilməsi barədə təklifini bəyənməklə Qarabağın “blokada”sını qanuniləşdirir.

Zəfər müharibəsindən bir qədər sonra Moskvanın təlimatları əsasında

“xüsusi gündəliklə” Azərbaycanın Qarabağ bölgəsinə göndərilən Vardanyan iddia edir ki, Avropa İttifaqı Şurası rəhbərinin Azərbaycanı mövqeyini dəstəkləyən bəyanatları hansısa “cinayətlərə” səbəb olacaq.

Ekspertlərin bildirdiyinə görə, Moskvanın tapşırıqlarını yerinə yetirən Vardanyan Brüsseldəki görüşdən sonra bu cür təxribatçı mövqe sərgiləməklə Avropa İttifaqının vasitəçiliyi ilə irəli aparılan sülıh danışıqlarının əhəmiyyətinə kölgə salmağı çalışır. Məqsəd problemin həllində Avropa İttifaqının deyil, Rusiyanın köməyinin önəmli rol oynaya biləcəyini qabartmaqdır. Məhz buna görə də revanşist-milyarder Moskvanın təhriki ilə Şarl Mişelin açıqlamalarına qarşı təxribatçı fikirlər səsləndirir, şantaj yolu ilə sülhü əngəlləməyə, hazırki qeyri-müəyyən vəziyyətin davam etməsinə çalışır. Bu məkrli siyasətin əsas hədəfi isə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan torpaqlarında qalmasına zəmin yaratmaqdır.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyanla keçirilən görüşün yekunlarına dair mətbuata açıqlamasında Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan edib. O, BQXK-nin xidməti müqavilə əsasında əməkdaşlığa cəlb etdiyi nəqliyyat vasitələrində Ermənistandan Qarabağa qaçaqmal daşınmasına göz yumandan sonra Laçındakı sərhət-nəzarət məntəqəsində yaranmış vəziyyətdən danışarkən belə demişdi: “Biz Qarabağın erməni əhalisinin vəziyyətini, Laçın dəhlizi ətrafında mövcud durumu da müzakirə etdik. Aydındır ki, mövcud vəziyyət dayanıqlı deyil və heç kimin marağına uyğun gəlmir. Vəziyyətin normallaşmasına kömək üçün mümkün konkret addımları da müzakirə etdik. Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Mən Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim. Hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm”.

Elxan SALAHOV

Oxşar xəbərlər