“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, Qarabağdakı separatçı dəstənin fəalları Ağdam-Əskəran-Xankəndi yolundan istifadə onların maraqlarına cavab vermir və hazırkı şəraitdə “Laçın dəhlizi”nin alternativini qəbul etmək istəmirlər.
“Hraparak” nəşrinin yazdığına görə, Əskəranda yaşayan ermənilər “artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” üzvlərinin təşkilatçılığı ilə dünən “bələdiyyə” binasının önünə toplaşaraq burada Ağdam istiqamətinə yürüş ediblər. Əskəran-Ağdam yolunun üzərindəki qondarma “Qələbə tankı” abidəsi önündə dayanan revanşist dəstə üzvləri yük maşınlarında gətirdikləri beton blokları yolun ortasına düşərək gediş-gəlişi bağlayıblar. Separatçılar “Ağdamdan keçən yolun açılması “Artsax”ı düşmən qapısına aparmaq deməkdir” söyləyərək Ağdam-Əskəran-Xankəndi yolunda barrikada qurmaq qərarına gəliblər.
Xatırladaq ki, üzərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin) BQXK-nın loqosu olan nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi hallarının aşkarlanması ilə əlaqədar ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən keçidi məhdudlaşdırılıb.
“Laçın yolu”nda hərəkətin məhdudlaşdırılmasından guya, blokadada yaşadıqlarını, ərzaq çatışmazlığından əziyyət çəkdiyini dünyaya car çəkən separatçı-revanşistlər Azərbaycanın humanizm mövqeyindən çıxış edərək onlara təklif etdiyi təminat yolunu beton bloklarla bağlayır...
Elxan SALAHOV