Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, yol kənarında yerləşən, üzəri torpaqla örtülən təpəciklərin daxilində 1 ədəd 240 millimetrlik 9M24F turbo reaktiv raket və 30-dan çox 120 millimetrlik minaatan mərmisinin kompakt formada bir-birinə bağlanaraq yerləşdirilməsi faktları qeydə alınıb.
Qeyd edək ki, hər bir 120 millimetrlik minaatan mərmisinin tərkibində 3 kiloqramdan çox partlayıcı maddə olan sursatlar mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
Agentlikdən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə ANAMA-nın Təmizləmə Qruplarının minatəmizləmə əməliyyatları davam etməkdədir.
Təmizləmə əməliyyatları zamanı qarşılaşdığımız belə hallar - xüsusi formaya salınmış partlayıcı qurğular, tələ minaları ölümcül partlayışın baş verməsi məqsədilə düşmən tərəfindən mülki əhaliyə qarşı yönələn terrorun isbatıdır.
ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar. (AZƏRTAC)