23.11.2024, 01:41
AZ EN
29.11.2022, 13:31 500

FHN-in bölük komandiri: “Düşmən ərazilərin minalanması zamanı heç bir norma gözləməyib"

XƏBƏRLƏR
  • “Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib, ərazilər çox ciddi şəkildə minalanıb”.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının bölük komandiri Səbuhi Sarıyev bildirib.

Onun sözlərinə görə, minalanmış ərazilərin metal parçaları ilə çirklənməsi minatəmizləmə işini çətinləşdirir. Lakin bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Çirklənmiş ərazilər aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət prinsipləri əsasında təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə paralel olaraq quruculuq işləri də sürətlə davam etdirilir. 30 ildir doğma ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin, ərazilərə səfər edəcək vətəndaşlarımızın tam təhlükəsiz yaşaması üçün dövlətimiz əlində olan bütün imkanlardan istifadə edir. Göstərdikləri səbir və təmkinə, bu prosesdə dövlətimizin yanında olduqlarına görə vətəndaşlarımıza təşəkkürümüzü bildiririk. Quruculuq işlərində iştirak edən şəxsləri ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyərkən müəyyən olunan vətəndaşlarımız da az deyil. Bir daha müraciət edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Bu, onların həyatları üçün təhlükəlidir. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməyək". (APA)

Oxşar xəbərlər