10.02.2026, 18:10
AZ EN
10.02.2026, 16:22 113

“Azərbaycanın hərb tarixi” proqramı çap olunub

XƏBƏRLƏR
  • “Azərbaycanın hərb tarixi” proqramı işıq üzü görüb. Ölkəmizin ali, humanitar və xüsusi təyinatlı ali təhsil müəssisələri üçün nəzərdə tutulan proqram Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Proqramın tərtibatçıları həmin institutun professoru, tarix elmləri doktoru Nurulla Əliyev və tarix üzrə fəlsəfə doktoru Nərminə Əmirbəyova, elmi redaktor tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov, redaktor isə siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ramazanovdur.

Bu barədə Milli Müdafiə Universitetindən məlumat verilib.

Bildirilib ki, proqramın məqsədi Milli Müdafiə Universitetində “Azərbaycanın hərb tarixi” fənninin tədrisi zamanı qədim, orta və yeni dövrlərdə Azərbaycanda hərb işinin inkişaf mərhələlərini, Silahlı Qüvvələrimizin yaradılması və formalaşması prosesini, respublikamızın müstəqilliyinin elan edilməsini, eləcə də hərb sənəti sahəsində dünyagörüşünü genişləndirən, döyüş taktikasının inkişafının əsas mərhələlərini və müasir ümumqoşun döyüşünün əsaslarını bilən, bölmələrin döyüş hazırlığının təkmilləşdirilməsi üçün praktiki nəticələri təhlil və tətbiq etməyi bacaran peşəkar zabit kadrlarının hazırlanmasıdır.

Bu proqramda milli təhlükəsizliyin təmin olunmasında və Azərbaycan Silahlı Qüvvələrinin quruculuğunda Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, o cümlədən çoxpilləli hərbi təhsil sisteminin yaranmasının əsas istiqamətləri, peşəkar zabit kadrların hazırlığı işinin təşkili ilə bağlı ölkənin tədqiqatçılarının dərc edilən monoqrafiya və elmi məqalələr yer alıb. Həmçinin təqdim olunan tədqiqatlarda Prezident İlham Əliyevin apardığı xarici siyasət kursunda milli təhlükəsizlik konsepsiyasından irəli gələn prinsipial əsaslar və təcrübədə ondan geniş istifadənin əhəmiyyəti şərh edilib. Eyni zamanda, son illər Azərbaycanın milli təhlükəsizliyinin və Silahlı Qüvvələrdəki quruculuğun həyata keçirilməsi məsələləri, peşəkar zabit kadrların hazırlığı sahəsində yeni tələblərin işlənməsi və təşkili qeyd olunub.

Ümumilikdə proqramda Azərbaycan ərazisində üç minillik dövrdə baş vermiş əsas hərbi-tarixi hadisələr ilk dəfə kompleks şəkildə əhatə edilib. (AZƏRTAC)

Oxşar xəbərlər