Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdiriblər.
Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan tərəfi məhz sərhəddə geniş miqyaslı təxribat həyata keçirərək, atəşkəsi pozmuşdu. Nəticədə Azərbaycan Ordusu onlara layiqli cavab verərək, strateji əhəmiyyətli bir neçə yüksəklikdə möhkəmlənib.
İndi isə göründüyü kimi, İrəvan Daşkəsən istiqamətində yenidən qüvvə yığır.
Hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bildirib ki, Daşkəsən istiqamətində qoşun cəmləməklə İrəvan sərhədlərin delimitasiyası istiqamətində aparılan işlərin qarşısını almaq üçün təxribatlar törətməyi planlaşdırır. Hərbi ekspert sonra vurğulayıb ki, Ermənistanın Daşkəsən istiqamətinə qoşun cəmləməsi bir daha onu göstərir ki, İrəvan sülh danışıqlarının getdiyi bir vaxtda sərhədlərin delimitasiyası ilə bağlı planlaşdırılan fəaliyyətlərə növbəti dəfə təxribatlar yolu ilə mane olmağa çalışır. Unutmayaq ki, Ermənistan tərəfindən müşahidə olunan bu təxribat fəaliyyətləri, artıq bir neçə dəfə baş verib.
Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin də qarşısını əvvəllər olduğu kimi qətiyyətlə almalıdır. Çünki düşmənin delimitasiya olunmayan sərhəddə qoşun cəmləşdirməsinin qarşısının vaxtında alınmaması, yaxın gələcəkdə ermənilərin həmin ərazidə qüvvə konsentrasiyasının daha güclənməsinə gətirib çıxaracaqdır, yəni, bu, şəksizdir. Bu isə Azərbaycan Ordusunun şəxsi heyəti üçün ciddi təhdidlər yarada bilər. Odur ki, düşmənin qoşun cəmləşdirdiyi ərazilər və atəşkəsi pozduğu mövqelər ən qısa və optimal müddətdə darmadağın edilməli, həmin ərazilərdə Azərbaycan bayrağı qaldırılmalı və orada daimi olaraq Ordumuzun şəxsi heyəti yerləşdirilməlidir.
Hazırladı: Tahirə AĞAMİRZƏ