21.11.2024, 21:44
AZ EN
28.11.2022, 18:05 244

Ümidim, pənahım yenə Göyçədir!

YARADICILIQ
  • Dünyadan köçsə də, şeirləri, el arasında söyləmələri yenə dillər əzbəri olan fitri istedadlı şair, aşıq Alqayıt Xəlilovun bu gün doğum günüdür. O, 1939-cu ildə noyabr ayının 28-də Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olub. Orta məktəbi dogma kənddə bitirib. 1963-1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. O, 1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik edib. 1972-1974-cü illərdə "Mingəçevir işıqları" qəzetində, 1974-cü ildən Basarkeçər rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışıb. 1979-cu ildə Göygöl rayonunun Mədəniyyət evində Aşıqlar ansamblının bədii rəhbəri olub. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşayıb.

Özünəməxsus yaradıcılığı olan Alqayıt Xəlilov şeirləri, natiqlik qabiliyyəti ilə həyatında çox maneələri aradan qaldırıb. Belə ki, o, sonuncu kursda oxuyarkən düz altı ay “Elmi ateizm” fənnindən dərs deyən müəllimin dərslərinə qatılmayıb və buna görə də, müəllim ona qiymət yazmayacağına söz verib. Ancaq varlı tələbə dostlarının paltarlarından geyinib imtahana gələn Alqayıt müəllimə seyid nəslindən olduğu üçün onun dərsinə girməyə qorxduğunu söyləyib. Bundan sonra isə dinsizlik və müəllimlərin rüşvət alması ilə bağlı müəllimə öz şeirlərindən söyləyərək ondan “beş” qiymət alıb. Hətta müəllim Alqayıta  görə digər tələbələrə də yüksək qiymət yazıb…  

1967-ci ildə institutu bitirən şair onun təyinatının Göyçəyə yox, Sabirabada verildiyinə etiraz olaraq Maarif nazirinin qəbuluna düşmək üçün ərizəni də şeirlə  yazıb. Əvvəlcə buna təəccüblənən nazir sonra Alqayıtın şeirindən təsirlənərək onun istəyini yerinə yetirib…

Səsi-avazı şirin el aşığı, şair Alqayıt Xəlilov 2013-cü il yanvar ayının 12-də Xırdalan şəhərində vəfat edib. Onun bir neçə şeirini oxuculara təqdim edirik.

 

Qalıb yadımda

Nə müddətdir ayrılmışam Vətəndən,
Ana yurdun odu qalıb yadımda.
Tütək səsi, ağ sürülər, göy çəmən -
O günlərdən budur, qalıb yadımda.

Vurulmuşdum qıy səsinə qartalın,
Əsiriydim, hər yamacın, hər yalın.
Ağ lavaşın, kərə yağın, şan balın,
Qovurmanın dadı qalıb yadımda.

Alqayıtam, dərdim, qəmim bilinib,
Bağrım başı şan-şan olub, dəlinib.
Hər nə varsa, хəyalımdan silinib,
Bir o elin adı qalıb yadımda.

 

Məndə qalıbdı

O dağları gözlərimə çəkmişəm,
Çəmənləri, düzü məndə qalıbdı.
İnciməsin nilufərim, bənövşəm,
Deyilməmiş sözü məndə qalıbdı.

Quzeylərə qar gəlmədi, gecikdi,
Bağçamıza bar gəlmədi, gecikdi,
Görüşümə yar gəlmədi, gecikdi,
Çiçəklərin yüzü məndə qalıbdı.

Kür taleyim, qəm atını minsə də,
İncimərəm dönük çıxsa, dönsə də.
Ana yurdun ocaqları sönsə də,
Odu məndə, közü məndə qalıbdı.

Xalqa inam gətirmişəm o yurdda,
Ömrü başa yetirmişəm o yurdda,
İlk eşqimi itirmişəm o yurdda,
Bir gözəlin gözü məndə qalıbdı.

Alqayıtam, vətən imiş gərəyim,
Namusum, qeyrətim, duzum, çörəyim.
Zirvələnib, dağa dönüb ürəyim,
O dağların özü məndə qalıbdı.

         

Yenə Göyçədir

Dünya cənnət olsa başdan-ayağa,
Mənim qibləgahım yenə Göyçədir.
İmanım, məzhəbim, əqidəm, dinim,
Qızıl barigahım yenə Göyçədir.

Ana laylasında odur birincim,
Amalım, əqidəm, qəmim, sevincim.
Alınan sərvətim, satılan incim,
Xırd olan mətahım yenə Göyçədir.

Əksilsə başımdan dumanı, çəni,
Üfüqsüz sanaram ana Vətəni.
Bir ovuc torpağı kor etsə məni,
Demərəm, günahım yenə Göyçədir.

Həm gənclik qürurum, həm tale püşküm,
Ürəyi bədəndən ayırmaz heç kim.
Sivri daşlarında qalan ilk eşqim,
O ülvi siyahım yenə Göyçədir.

Nə müddətdi aranlıyam, dağlıyam,
Buz donduran nəfəsinə bağlıyam.
Mən onun övladı, onun oğluyam,
Axır səcdəgahım yenə Göyçədir.

Qürbət eldə bənzər olsam bir dağa,
Alqayıtam, istəmərəm, yox, qağa.
Bir ovuc torpağa, bir büküm ağa,
Ümidim, pənahım yenə Göyçədir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər