Ədəbiyyatımız adına bir çox layihələr həyata keçirən Aysel xanımın Vətənə həsr etdiyi şeirlərindən “Vətən səsi”nin oxucularına ərməğan edirik.
GÖZÜN AYDIN OLSUN, AZƏRBAYCANIM
Gözün aydın olsun, Azərbaycanım,
Sıx, saxla köksündə Qarabağını.
Ayıq ol, bil, kimdir dostun, düşmənin,
Ucalt səmayla tut tən bayrağını.
Zəfər tariximiz yazıldı bu gün,
Neçə oğulların al qanlarıyla.
Ötəri bir zəfər, qələbə deyil,
Ərənlər qazandı öz canlarıyla.
Dünya şahid oldu qüdrətimizə,
Başı dik, qürurlu, həm vüqarlıyıq.
Bir sözlə döyünür hər kəsin qəlbi,
Biz bu gün hamımız QARABAĞLIYIQ!
DÜNYAYA ŞƏFƏQ SAÇAN AZƏRBAYCANIMIZ VAR
Cəng eyləyin, igidlər, atılın bu meydana,
Türkün gücün göstərin türkə qarşı durana.
Kim cürət edib çıxar, bundan sonra yoluna?
Vüsala qucaq açın, bitdi artıq intizar,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
Murovdan salam gedir, Süsən dağdan hay gəlir,
Şəki, Şirvan, Qarabağ bir-birinə tay gəlir.
Öz kökünə bağlanmış igid, ərli soy gəlir,
Ey yenilməz ordumdan xəbərdar olmayanlar,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
Şuşadan yola çıxsın dalğalansın bayrağım,
Odlar yurdu, od eli, əsla sönməz çırağın.
Qara qızıl, ağ qızıl bərəkətli torpağım,
Vüqarlı dağlarının köksü qızıl, başı qar,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
Lap uzaq tarixlərdən yol alıb gələr bu yurd,
Sərt dağların qoynunda yuva qurandı boz qurd.
Qarabağı, Şuşanı, yağı düşmən, sən unut!
Bizim igid ərənlər aləmə çəkdilər car,
Dünyaya şəfəq saçan Azərbaycanımız var!
ŞƏHİD ANASI
(Aprel şəhidimiz Təbriz Əsgərovun vəfat edən anasının əziz xatirəsinə)
Oğul acısıyla bitdi bir ömür,
Göynədi qəlbində həsrət yarası,
Paltarından aldın ətrin, qoxusun,
Qovuşdun oğluna, şəhid anası.
Ruhun rahatlığın tapar yəqin ki,
Qəlbin arzusuna çatar yəqin ki,
Oğlun öz qoynunda yatar yəqin ki,
Qovuşdun oğluna, şəhid anası.
Dözmədi ürəyin oğul dağına,
Sığındın torpağın buz qucağına,
Basmısan oğlunu indi bağrına,
Qovuşdun oğluna, şəhid anası.
Hazırladı: Mina RƏŞİD