Zəngibasar mahalının Qaracalar kəndi Reyhanlı və İlxı qoruğu kəndləri yaxınlığında salınmışdır. Burada ancaq Azərbaycan türkləri yaşamışdır. İ.Şopendə (1932) kənd Qaracalar adı ilə Zəngibasar mahalının xaraba kəndləri sırasına daxil edilmişdir. Qaracalar kəndi öz adını Qaracalar etnonimindən almışdır. Kəndin digər adı isə Məmmədabaddır. Söz Məhəmməd//Məmməd şəxs adından və yaşayış məntəqələrinə artırılan abad sözündən yaranmışdır. Akademik Budaq Budaqov bildirib ki, Məmmədabad kəndində İrəvan quberniyasının görkəmli şəxslərindən olan Cəfər ağanın oğlu Məmmədəli bəyin böyük təsərrüfatı - pambıq tarlası, iki qatar dəvəsi, at ilxısı, çoxlu iribuynuzlu və xırdabuynuzlu mal-qarası, xüsusilə ağ qoyun sürüləri olmuşdur. Böyük Qarasu çayının Araz çayına qovuşduğu yer - sahəsi 47 hektar olan ada 1988-ci ilə qədər Məmmədəli bəyin adası adlanmışdır. Onu da qeyd edək ki, bəzi tədqiqatçılar ak. B.Budaqovun fikirlərini qəbul etmirlər.
İsa MUSAYEV