Zəngibasar mahalı, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 16 km şimal-qərbdə, Zəngi çayının sağ tərəfində olan Arbat kəndində 1918-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışdır. 1922-1988-ci illərdə isə kənd azərbaycanlılarla ermənilərin bir yerdə yaşadığı qarışıq kənd olmuşdur. 1590-cı il "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə İrəvan nahiyəsinin Arbat kəndi, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə isə Qirxbulaq nahiyəsinin Arebat kəndi kimi qeydə alınmışdır. Bütün sonrakı mənbələrdə Arbat kəndi şəklində yazılmışdır. Türkmənşəli olan bu kənd Ar//ər və abad sözündən olmaqla, "ərlərin yurdu" mənasını bildirmişdir. Tədqiqatçı-alim Əziz Ələkbərli yazır ki, Türkmənistanda Daş Arbat, Kizil Arbat, Azərbaycanda 19-cu əsrdə Cavad qəzasında Arbat oykonimlərləri mövcud olmuşdur. 1873-cü ilin statistikasına görə kəndin mülkədar kəndi olduğu, Zəngi çayından çəkilən Şirabad arxi kənarda yerləşdiyi və burada bir məscid binasının olduğu da qeydə alınmışdır. Yuxarıda qeyd etdiyimiz kimi kənd İran və Türkiyədən gələn ermənilərə görə qarışıq kənd olmuşdur. 1948-1949-cu illərdəki deportasiya zamanı bütün azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Sonralar tək-tək ailələr qayıdıb kənddə yaşasalar da 1988-ci il soyqırımı zamanı onlar da qovulmuş, kənd tamamilə erməniləşdirilmişdir.
İsa MUSAYEV