Ərəfsə kəndi müxtəlif vaxtlarda ətrafda mövcud olan dövlət qurumlarının tərkibində olub. Xanlıqlar dövründə Qarabağ xanlığının, 19-cu əsrin əvvəllərində Tiflis, sonra isə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında olan Ərəfsə kəndi də ağır tale yaşayıb. Belə ki, Stalin və Orconikidze tərəfindən Zəngəzur qəzası iki yerə bölünərək, şərq hissəsi Azərbaycana, qərb hissəsi isə Ermənistana verilmişdir. Həmin dövrdə Andronikin quldur dəstələri Zəngəzurun kəndlərinə basqın edir, əliyalın türk - müsəlman əhalini qılıncdan keçirirdilər. Digər kəndlər kimi sağ qalan Ərəfsəlilər də Naxçıvana qaçmışdılar. 1924-cü ildə onlar kəndlərinə qayıda bilmişdilər. Ərəfsə Azərbaycanda ən qədim kənd adıdır. Eramızdan əvvəl 14-cü əsrdə Kiçik Asiyada bir qayaüstü yazıda Aripsa adlı kiçik bir "ölkə" və qala adı çəkilir. Culfa rayonunda da eyniadlı kənd var. Ərəfsəlilər mənşəcə Kəngərli türk tayfalarından sayılırlar. Əhalinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdan ibarət olmuşdur.
İsa Musayev