21.11.2024, 20:30
AZ EN
19.12.2022, 08:02 409

Amasiya rayonu, Balıqlı kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Balıqlı Qars vilayətinin Qars qəzasında, sonra isə Amasiya rayonunun kəndidir. Rayon mərkəzindən 20-21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim qədim türk dilində “sığınacaq, şəhər, qala” mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir.

1991-ci ilin aprelində Ermənistan tərəfindən kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur.

Kənddə 1886-cı ildə 205, 1897-ci ildə 326, 1908-ci ildə 372 nəfər, 1914-cü ildə 474 nəfər azərbaycanlı türk yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən kənddən çıxarılmış və bir hissəsi qətlə yetirilmişdir.

Balıqlı kəndinin əhalisi Türkiyəyə pənah aparmışdır. 1920-ci ilin noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz doğma ata-baba torpaqlarına qayıtmışlar. Burada 1922-ci ildə 107, 1926-cı ildə 178, 1931-ci ildə 205, 1964-cü ildə 300, 1970-ci ildə 440, 1979-cu ildə 472, 1987-ci ildə 432 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə kənddə kolxoz qurulmuş, 8 illik məktəb, klub, kitabxana fəaliyyət göstərmişdir.

1988-ci ilin noyabr-dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən yenidən tarixi-etnik torpaqlarından sürgün edilmişlər. Onlar Azərbaycana pənah gətirmişlər. İndi həmin kənddə ermənilər yaşayır.

Balıqlı kənd sakini Abbas Şəmmət oğlu Qasımov 20 Yanvar şəhidlərindəndir.

Yavər Həsənov Qarağağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşərək qəhrəmancasına şəhid olmuşdur.

Kəndin xeyli sayda görkəmli ziyalılarının Azərbaycanımızın inkişafında böyük əməyi vardır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər