Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanır. Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarı formalarında göstərilmişdir.
Toponım qədim türk dilində "dağ başında dar, yarğanlı uçurum yer" mənasında işlənən komür sözündən əmələ gəlmişdir.
Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Komk qoyulmuşdur.
Kənddə 1831-ci ildə 27 nəfər, 1873 - cü ildə 285 nəfər, 1886- cı ildə 293 nəfər, 1897-ci ildə 353 nəfər, 1904 - cü ildə 365 nəfər, 1914 - cü ildə 400 nəfər, 1916-cı ildə 388 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, sakinləri deportasiya olunmuşdur.
Gomurda 1918-ci ildə 400 nəfər əhali olmuşdur. Nijdenin cəllad xislət quldur dəstələri kəndi dörd tərəfdən mühasirəyə almış, əhalini böyük-kiçik demədən qılıncdan keçirmişlər. Şahidlər demişlər ki, Axta çayının suyu sanki qan axırdı...
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 155 nəfər, 1926-cı ildə 200 nəfər, 1931-ci ildə 316 nəfər, 1939 - cu ildə 386 nəfər, 1959 - cu ildə 381 nəfər, 1970-ci ildə 590 nəfər, 1979 - cu ildə 745 nəfər yalnız azərbaycanlı yaşamışdır. Erməni mənbələrində isə yuxarıda göstərilən statistik məlumatlar ermənilərə aid edilir və guya ermənilər buraya 1828-ci ildə İranın Xoy vilayətindən köçürülmüşdür. Bu, tamamilə yalandır və erməni saxtakarlığıdır. Gomur Kəndində ən qədim zamanlardan 1988-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. XIX-XX əsrin əvvəllərində (1831-1931) burada azərbaycanlıların yaşadığını erməni alimi Z. Qorqodyanın əsərində aydın şəkildə göstərilir.
İ.Şopenin də əsərində kəndin köklü sakinlərinin Məhəmmədi olduğu qeyd edilmişdi. Azərbaycanlılar 1988-ci ilin noyabrın sonunda Ermənistan dövlətinin deportasiyasına məruz qalmışdır. İndi ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ