21.11.2024, 22:06
AZ EN
10.04.2024, 22:54 294

Qərbi Azərbaycan Xronikası: Qaranlıq rayonunun bütün kəndləri 1948-1951-ci illərdə boşaldılıb

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə oğuz türklərinin qədim yaşayış məskənləri erməni işğalçıları tərəfindən qəsb edilən və izi silinən Qaranlıq rayonu haqqında süjet hazırlanıb.

“Qaranlıq rayonuna nəyə görə Myasnikyanın adı verilib?” adlı süjetdə Azərbaycanın tarixi torpaqlarında ermənilər yerlərini möhkəmləndirdikdən və daim yaşayacaqlarına təminat aldıqdan sonra azərbaycanlıları yurdlarından sıxışdırıb çıxarmasından bəhs olunur.

Bildirilib ki, Göyçə mahalının ərazisində, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında yerləşən Qaranlıq rayonu bir tərəfdən Göyçə gölü, digər tərəfdən Basarkeçər və Göyçə yaylaları ilə əhatə olunub. Qaranlıq adı Qafqazın 5 verslik xəritəsində qeyd edilib. Bu ərazi dağlıq, qayalıq bir yerdə yerləşir və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Qədim zamanlardan mövcud olan Qaranlıq rayonunun ərazisi 14-16-cı əsrlərdə monqolların, sonra isə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olub. XVII-XVIII əsrlərdə İrəvan xanlığının Göyçə mahalının tərkibində olub. Şərqi Ermənistan Rusiyaya birləşdirildikdən sonra 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinə əsasən Qaranlıq İrəvan quberniyasının, daha sonra Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Yeni Bayazit vilayətinin tərkibində olub.

Qaranlıq oykoniminin adı 1926-cı ildə dəyişdirilərək Martuni qoyulub və 1930-cu il sentyabrın 9-da bu adda rayon yaradılıb: “Martuni rayonu Ermənistan SSR Xalq Komitəsinin ilk sədri Aleksandr Myasnikyanın adı ilə bağlıdır. 1948-1951-ci illərdə Qaranlıq rayonunun Kolagirən, Mədinə, Aşağı Alıcalı, Əliqırıq, Vəliağalı, Yuxarı Qaranlıq, Göl kəndi, Yuxarı Adıyaman, Aşağı Adıyaman, Dəlikdaş, Təzəkənd, Əbdülağalı, Aşağı Gözəldərə, Zolağac kimi azərbaycanlı kəndlərinin hamısı tamamilə boşaldılıb. Sonrakı mərhələdə rayon üzrə 20 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə Qaranlıq, yəni Martuni rayonu ləğv edilərək Geqarkunik mərzliyinin inzibati ərazisinə daxil edilib”.

Sonda vurğulanıb ki, bütün çirkin əməllərin reallaşdırılması, tarixin saxtalaşdırılması üçün havadar rolunu oynayanlar ermənilərə hərtərəfli kömək göstəriblər: “Təbii ki, indi zaman dəyişib. Əminik ki, tarixi ədalət bərpa olunacaq, əzəli və əbədi torpaqların sahibləri doğma yurda, oğuz-türk elinə qayıdacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)

Daha ətraflı “Baku TV”nin süjetində: https://www.youtube.com/watch?v=esiaToTUGbo

Oxşar xəbərlər