Söhbət tariximizə adı “ağıllı kənd” kimi yazılan Zəngilanın Ağalı kəndindən gedir. Bu kənd Böyük Qayıdışın rəmzi, vətənə sevginin əksidir. İyirmi doqquz ildən sonra işğaldan azad olunan Ağalı bu gün sakinlərinin çin olmuş arzusudur.
Sakinlərinin böyük qismi daha əvvəl Zəngilanı görməsələr də onları buraya bağlayan vətən sevgisi var.
Məktəbin direktoru Nərmin Həsənova qısa zaman ərzində yeni həyata uyğunlaşdıqlarını deyir. İxtisasca tarix müəllimi olan direktorun pedaqoji fəaliyyəti də məcburi köçkün məktəblərindən başlayıb. Elə buna görə də tərəddüd etmədən Ağalıya gəlməyi, fəaliyyətini burada davam etdirməyi seçdiyini deyir: “Hazırda məktəbdə yüzə yaxın şagirdimiz, 14 müəllimimiz var. Məktəbəqədər hazırlıq qruplarından 11-ci sinfə qədər bütün siniflərdə tədris həyata keçirilir. Şagirdlərin dərsə davamiyyəti yüksək səviyyədədir”.
Ağalı özündə təkcə zəngilanlıları birləşdirməyib. Müəllimlərin böyük qismi müxtəlif regionlardan könüllü olaraq məhz bu məktəbdə işləmək üçün müraciət ediblər. Onların hər biri müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstəriblər.
Həmin müəllimlərdən biri də həmsöhbətimiz Səmayə Müslümzadədir. İyirmi iki yaşlı ingilis dili müəllimi əslən Xaçmaz rayonundandır. Deyir ki, işğaldan azad edilmiş torpaqlarda xidmət etmək onun üçün böyük qürurdur. Səmayə Müslümzadə şagirdlərinə fənnini sevdirərək tədris edir: “Birinci sinifdən on birinci sinfədək şagirdlərə dərs keçirəm. Daha əvvəl könüllü olaraq Bakı Amerika Mərkəzində, Elm və Təhsil Nazirliyinin nəzdində olan T-Network ilə əməkdaşlıq etmişəm. Müəllimlərlə kollektiv olaraq əlimizdən gələni ən yaxşı səviyyədə etməyə çalışırıq. Biz fənnimizin həyati önəmindən danışaraq biliklərimizi şagirdlərə ötürürük. Uşaqlarla daim ünsiyyətdə oluruq. Həyatda olan nümunəni fənlərlə əlaqələndirib deyirik ki, baxın, bunu bilsəniz, sizin üçün daha faydadlı olar. Üstəlik, bura işğaldan azad olunan ərazilərdə açılan ilk məktəb olduğu üçün daim diqqət mərkəzindədir. Mütəmadi olaraq xarici qonaqlar gəlir. Şagirdlərə turistlərlə ünsiyyətdə olmaq, ölkəmizi onlara tanıtmaq baxımından dil bilməyin əhəmiyyətini vurğulayıram”.
Buraya başqa regionlardan gələn sakinlər kirayə və kommunal ödənişlərindən azaddırlar.
Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Mahmudova isə Göygöldən gəlib. İlk olaraq MİQ imtahanından keçib, vakansiya seçimində iştirak etsə də, istəyi qeydə alınmayıb. Deyir ki, təsadüfən Ağalı məktəbinə müəllim qəbulu üçün qeydiyyat linki görüb və müraciət edib: “Həvəslə qeydiyyatdan keçdim, bura gəlməyi çox istəyirdim. Ailəmizdə Qarabağa böyük sevgi var. Əmim Birinci Qarabağ müharibəsində, bibioğlum İkinci Qarabağ müharibəsində Zəngilanda şəhid olub. Qəbul olunduğumu öyrənəndə inana bilmədim, çox sevindim. Həmin ərəfədə kursda çalışırdım. İki gün ərzində Bakıya getdim, müsahibədən keçdim, sonra buraya gəldim. İlk gələndə uçuq evləri görəndə üzülsəm də, amma 30 il sonra bura gəlməyim qürur hissi oyatdı. Uşaqlarla işləmək mənim üçün çox xoşdur. Magistratura təhsili alanda könüllü olaraq uşaq evində də dərs keçmişəm. Şagirdlər mənim üçün çox önəmlidir. Qarabağdan çıxmaq fikrim yoxdur. Həm torpağı, havasının təmizliyi, insanların istiqanlı olması məni buraya bağlayır”.
Zəngilanda doğulmayan, daha əvvəl bir gün də olsun Zəngilanı görməyən şagirdlər – Dəniz İmranzadə və Ayla Rəfiyeva buranı çox sevdiklərini deyirlər. Bakı və Sumqayıtda məskunlaşan qızlar qısa vaxt ərzində Ağalıya öyrəşdiklərini, yeni dostlar qazandıqlarını deyirlər. Dəniz coğrafiya müəllimi, Ayla isə dizayner olmaq istəyir.
Ağalı məktəbində hər şey “ağıllı”dır. Bütün siniflərdə smart lövhələr quraşdırılıb. Məktəbin kitabxanası kompüterlərlə təmin edilib. Məktəb binasında idman zalı ilə yanaşı, həyətində oyun meydançası salınıb.
Qeyd edək ki, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da doğma yurdlarına qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var. (AZƏRTAC)