Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, müəllimlər, şagirdlər, onların valideynləri iştirak ediblər.
Bayram mərasimində adət-ənənələrimizin nümayiş olunduğu guşə yaradılıb, həmçinin Novruz bayramının bolluq və bərəkət rəmzi olan səməni, müxtəlif şirniyyat və mətbəx nümunələri süfrələri bəzəyib.
Məktəbin şagirdləri baharın gəlişinin müjdəçisi olan Novruz bayramına aid şeirlər səsləndirib, mahnılar ifa edib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları bayram şənliyinə xüsusi gözəllik qatıb.
Sonda məktəbin həyətində bayram tonqalı qalanıb, qonaqlar, müəllimlər və şagirdlər "Cəngi" sədaları altında dövrə vurublar.
Bu bayram Cəbrayılın işğaldan azad edilməsindən sonra keçirilən ilk bayram şənliyi olaraq yaddaşlarda iz buraxacaq.
Tahirə AĞAMİRZƏ