Bu münasibətlə Ağalı kəndinin sakinləri, hərbçilər, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları və şəhid ailələrinin üzvlərinin iştirakı ilə konsert proqramı təşkil edilib.
Tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Dövlət Sərhəd Xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tərəfdaşlığı çərçivəsində keçirilib.
Dövlət Himni səsləndiriləndən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın Silahlı Qüvvələrinin tarixi Zəfəri minnətdarlıq hissi ilə vurğulanıb, şanlı Ordumuzun şərəfinə şeirlər və musiqilər səsləndirilib. Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət xadimləri çıxış ediblər.
Sonda hərbçilərə xatirə hədiyyələri və bayram sovqatları təqdim olunub. (AZƏRTAC)