Bu fikirləri 19 yaşlı Laçın sakini Nuran Əliyev deyib.
Gənc sakin ona Laçın sevgisini babası Volodya Əliyevin aşıladığını bildirib: "Babam vəfat etməzdən 6 ay öncə mənə Laçına qayıtmağımı və burada yaşamağımı vəsiyyət etdi. Həmin vaxt babamdan Laçına qayıdıb-qayıtmayacağını soruşmuşdum. Babam isə sualıma cavabında demişdi: “Bilmirəm, həyatdır”. Onunla bu söhbətimiz 2020-ci ilin yay aylarına təsadüf edir. 2021-ci ildə yanvarın 7-də isə babam vəfat etdi. O, Laçını mənə çox gözəl təbliğ etmişdi. İndi fikir verirəm ki, bura onun danışdıqlarından daha da gözəldir. Buraya gələndən Bakını unutmuşam. Dağların gözəlliyi, Həkəri çayının sahilinə düşəndə suyun şırıltısı, soyuq hava burada mənə çox xoş təsir edir".
Onun sözlərinə görə, babası Birinci Qarabağ müharibəsi qazisi olub: "Babam müharibə başlamazdan əvvəl poçtda işləyib. Danışdığı əhvalatlardan biri minaya düşməsi ilə bağlı idi. 1989-cu ildə o və qohumu "UAZ" markalı avtomobillə minaya düşüb. Maşın parçalanıb və babam hadisə yerindən 50 metr uzağa düşüb. Xoşbəxtlikdən o və yanındakı qohumu sağ qalıb, babam isə dabanından xəsarət alıb. Buna görə ömrünün sonunadək əsa ilə gəzirdi. Bizim evdə Laçınla bağlı çox söhbətlər olub, nənəm, babam, atam hər zaman rayonumuzdan danışıb. Bakıda darıxırdım, burada isə əksinə. Həm işləyirəm, belə də vaxt keçir. Söhbətləşirik, buralarda gəzirik ".
N.Əliyev söyləyib ki, elə gənclər var ki, azad edilən ərazilərə gəlmək istəmir: "Mən uşaqlıqdan buraya gəlməyə həvəsli idim, çünki mənə belə təbliğ olunmuşdu. Mənim dost-tanışlarımdan bəziləri deyir ki, şəhərdə doğulub böyümüşəm, Laçında nə edəcəyəm, necə yaşayacağam? Elə dostlarım da var ki, buraya yaşamaq üçün gəlmək istəyir. Laçında vətəndaşlar işlə təmin olunur. Düzdür, işsizləri də ola bilər. Amma hazırda onların da işlə təmin olunmasına çalışılır. Ona görə deyirəm ki, nə qədər tez gəlsələr o qədər yaxşıdır (gülür). Buranın havası və suyu təmizdir, sakitlikdir, heç bir narahatlıq yoxdur. Əksinə, burada hər bir şərait var. Allah Prezidentimizin, qazilərimizin canını sağ, şəhidlərimizə rəhmət eləsin. Buranı bizim əsgərlərimiz qoruyur. Mənə görə narahatlıq da yoxdur. Hətta ailə quranda da burada yaşayacağam". (Report)