Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə reqlament formalaşıb: “Aparılan işlər daha nizamlı şəkildə köçün təşkili ilə bağlıdır. Təbii ki, elektron qaydada müraciətlər yığılacaq. Prosedurlar tam müəyyən olunandan sonra fermerlərə və ictimaiyyətə bu barədə daha ətraflı məlumat veriləcək".
F. Tağıyev xatırladıb ki, bu il azad olunmuş ərazilərdəki yaylaqlara ümumilikdə 329 166 xırdabuynuzlu, 23 794 iribuynuzlu, 831 digər heyvanın (at, it, eşşək və s.) köçürülməsi təmin edilib. Ümumilikdə, Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib. Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarındakı yaylaqlara 1 101 arıçı tərəfindən 61 045 arı ailəsi aparılıb. 2022-ci il yaylaq mövsümündə 17 406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib.
“Bizim fermerlərimizdən olan sorğuların nəticələri göstərir ki, köç prosesi məhsuldarlığa çox ciddi şəkildə dəstək göstərir. Laçının, Kəlbəcərin yaylaqları olduqca zəngindir. Həmin ərazilərdə xüsusi növ yaylaq bitkiləri var ki, bu da həmin heyvan sağlamlığı baxımından, həm onun məhsuldarlığının artımı, həm balavermə və südvermə qabiliyyətinin artırılması, eləcə də arılarda məhsuldarlığın yüksəldilməsi baxımından olduqca əhəmiyyətlidir", - nazirliyin rəsmisi qeyd edib.
F. Tağıyev bildirib ki, yaylağa köç prosesi əsasən may ayından etibarən başlayır: "İyun ayında köç intensiv dövrünü yaşayır. Reqlamentə əsasən, yaylaq mövsümü sentyabrın sonu-oktyabrın əvvəllərində başa çatır”.