22.11.2024, 06:38
AZ EN
24.11.2022, 17:00 456

Zəngilan rayonu üzrə nümayəndəliyin və Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün ixtisasartırma təlimi keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə nümayəndəliyin və Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşları (dövlət qulluqçuları) üçün ixtisasartırma təlimi keçirilib.

Təlim Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə nümayəndəliyin, Zəngilan Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda interaktiv təqdimatla çıxış edib.

Urxan Ələkbərov təqdimatda Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. U.Ələkbərov vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. O, qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da xüsusi vurğulayıb. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir.

Akademik qeyd edib ki, 8 noyabr 2020-ci il Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Eyni zamanda, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, 30 ildən artıqdır yürütdüyü işğalçılıq siyasətinin, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun region üçün yaratdığı ciddi təhdidləri, Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələrin informasiya məkanında düşmənin yalan üzərində qurulmuş təbliğatına ciddi zərbə vurduğunu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndiyini qeyd edib.

Rektor U.Ələkbərov təlimlər zamanı müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu da qeyd edib. O, beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni strateji dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb.

U.Ələkbərov məruzəsini işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlar, inklüziv inkişafın idarə edilməsi sahəsində ölkənin əldə etdiyi nailiyyətlər barədə geniş elmi statistik təhlilə əsaslanan məlumatlarla yekunlaşdırıb.

Təlimin sonunda dinləyicilərin sualları cavablandırılıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti Ağalı kənd orta məktəbinin müəllim və şagirdləri ilə görüşüb, onlara “Prezident İlham Əliyevin uğur düsturları” mövzusunda dərs keçiblər. Həmçinin Zəngilanda aparılan quruculuq işləri ilə tanış olub, abidələri ziyarət ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR