03.07.2025, 09:37
AZ EN
02.07.2025, 14:32 240

97 yaşlı İpək Hacıyeva: Xoş xasiyyət və mehriban münasibət uzun ömrə aparan yolun açarıdır

ŞƏRQİ ZƏNGƏZUR
  • Xoş xasiyyət və mehriban münasibət uzun ömrə aparan yolun açarıdır. Bunu 97 yaşlı İpək Hacıyeva öz həyat təcrübəsinə əsaslanaraq söyləyir.

İpək nənə əslən Zəngilan rayonunun Ağalı kəndindəndir. Ömrünün 56 ilini pedaqoji fəaliyətlə keçirib. İbtidai sinif müəllimi, bağça müdiri, şəhər sovetində deputat və təhsil idarəsində metodist işləyib.

“Bizim nəslimizdə uzunömürlü insanlar olub. Babam 120 il yaşayıb. Bir dəfə də xəstələnməyib. Ömrü verən Allahdır. Mən yeməyimə həmişə fikir vermişəm. Təmiz məhsullar yemişəm. Xəmir xörəklərini, çörəyi normasında yemək lazımdır. Bir də mehribançılıq vacibdir. Xoş rəftar insan ömrünü uzadır. Əsəb, stres isə çox ziyandır”, - deyə İpək Hacıyeva söyləyib.

İpək nənənin həyat yoldaşı hərbçi olub. Altı övladının hər biri ali təhsil alıb. Vaxtilə onun dərs dediyi şagirdlər arasında indi yüksək vəzifədə işləyənlər, tanınmış iş adamları var. Bütün şagirdləri İpək nənənin xətrini sevimli, ilk müəllimləri kimi əziz tuturlar.

“İlk iş yerim Zəngilanda olub. İbtidai sinif müəllimi olmuşam. Sonra qabaqcıl işçi olduğuma görə məni bağça müdiri təyin etdilər. 17 il bu vəzifədə işlədim. Həmin dövrdə şəhər sovetində deputat seçilmişdim. Daha sonra Zəngilan işğal olundu, biz də Bakıya köçdük. Paytaxtda isə ibtidai siniflər üzrə metodist kimi fəaliyyət göstərmişəm”, - deyir İpək Hacıyeva.

Əsrə yaxın ömür sürmüş həmsöhbətimiz bildirir ki, sağlam yaşamaq üçün vaxtaşırı təmiz havada, təbiətin qoynunda dincəlmək lazımdır. Hazırda Xaçmazın Nabran qəsəbəsindəki “Təhsil” istirahət mərkəzində dincələn İpək nənə ölkəmizdə təhsil işçilərinin istirahəti üçün hər bir şəraitin yaradıldığını söyləyir: “Mən Ukraynada və başqa ölkələrdə istirahət mərkəzlərində, kurortlarda olmuşam. Amma burada yaradılan şərait gördüklərim içində ən yaxşısıdır. Təmizlik, qidalanma, münasibət çox gözəldir”.

İpək nənə yaşı ilə əlaqədar olaraq, hazırda arabadan istifadə edir.

O, çox sevinir ki, uzun illər işğal altında olan Zəngilanın azad edilməsini gördü. İndi 100 yaşını doğma yurdunda qeyd edə bilər. İpək nənənin ən böyük arzusu ölkəmizdə daim sülh və əmin-amanlığın olması, vətəndaşlarımızın xoşbəxt yaşamasıdır. (AZƏRTAC)

Oxşar xəbərlər