Valideynlərinin danışdıqları əsasında təsəvvüründə cənnət guşəsi kimi formalaşan doğma torpaqlara qayıdaraq orada işləmək qəhrəmanımızın ən böyük arzusuna çevrilib.
Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialında işlə təmin olunan Qədir Məmmədov işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təmin olunmasına dəstək göstərməyin sevincini və qürurunu yaşayır.
Qədir Mahmudov deyir ki, mən 1996-cı ildə doğulduğuma görə Laçın şəhərini görməmişəm. Laçın haqqında təəssüratlarım ancaq valideynlərimizin həsrətlə danışdığı xatirələrindən ibarətdir: “Hələ uşaq ikən Laçın cənnət guşəsi kimi formalaşmışdı düşüncələrimdə. Böyüklərimizin bizə Vətən sevgisini aşılaması sayəsinfdə bizdə belə bir xəyal qurmuşduq ki, inşallah nə vaxtsa öz dədə-baba yurdumuza qayıdacağıq, yəni bu ümidlə yaşayırdıq. 44 günlük Vətən müharibəsi bitdikdən sonra torpaqlarımız artıq işğaldan azad olundu. Artıq uşaqlıq xəyallarım gerçəkləşirdi. Bununla bağlı Dövlət Məşğulluq Agentliyinə iş üçün müraciət elədim. Çox sağ olusunlar elə Dövlət Məşğulluq Agentliyinin özünün Qarabağ Regional Məşğulluq filialında məni işlə təmin etdilər. Mənə qismət oldu ki, azad olunmuş bölgələrdə məskunlaşdırılan keçmiş məcburi köçkünlərin işlə bağlı müraciətlərini qəbul edim və onların işlə təmin olunmasına dəstək göstərim. Bu, mənim üçün böyük qürurverici hissdir. İndi dövlətimiz tərəfindən həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində yenidən qurulan, daha da gözəlləşən, həqiqətən də cənnət guşəsinə çevrilən Laçınımızda insanlarımıza xidmət etdiyimə görə şərəf duyuram”.
Tahirə AĞAMİRZƏ