İctimai Televiziyanın “Yekun” proqramının əməkdaşları yaylağa köç edən Abbasovlar ailəsi ilə tanış olur və onların təsərrüfatları ilə bağlı elə Kəlbəcərdən məlumat verir.
Məlum olur ki, qoyun-quzulardan ibarət bu böyük təsərrüfat fermer Əmiraslan Abbasova məxsusdu. O, iki oğlu və iki həmyelisi ilə doğma Kəlbəcər yaylağında təsərrüfata başçılıq edir.
Ə.Abbasov deyir ki, onlar Kəlbəcərin Mollabayramlı kəndindəndirlər. O, həm də musiqiçidir. Amma illərlə köçkünlük, müxtəlif çətinliklər olsa da təsərrüfatını əlindən buraxmayıb. Əmiraslan kişi şükür edir ki, onlar daha köçkün deyillər. Artıq 3 ildi ki, təsərrüfatları ilə öz doğma yurdlarına yaylağa gəlirlər.
Ə.Abbasovun təsərrüfatını başqalarından fərqləndirən burada cins atların da saxlanılmasıdır.
Əmiraslan kişinin oğlu fermer Alim Abbasov deyir ki, yorğa atlar Azərbaycanın milli sərvətidi. Bu bizim dədə-baba işimizdi. Çalışırıq biz də bu yolu davam etdirək. Bəslədiyimiz bu atlardan dünyanın 4 ölkəsinə satmışıq.
Kürənin hekayəti
Yorğa atların içərisində Kürənin ayrıca təsirli bir hekayəti var. Belə ki, hazırda təxminən 35 yaşı olan bu at hələ dayça olanda anasıyla Kəlbəcərdən Goranboya qışlağa gedib-gələrmiş. Sonra Kəlbəcər işğal ediləndə o artıq özü ana olmuşdu. İşğaldan sonra yenidən Kəlbəcərə qayıdan Kürən öz dayçası ilə burada minaya düşüb. Balası tələf olub, özü isə 3 il Kəlbəcərdə qaldıqdan sonra yenidən Goranboya qayıdıb. İndi onun balaları çempiondu...
Mina təhlükəsinin yaratdığı çətinliklər
Bildiyimiz kimi, yaylaqlara təsərrüfatlar günlərlə yol gəlir. Amma Kəlbəcər yaylaqlarına gələn təsərrüfatlar mina təhlükəsinə görə yük avtomobillərində köç edirlər.
Kəlbəcər yaylaqlarında sərt hava şəraitində heyvanlara qulluq etmək elə də asan iş deyil.
Çoban Üzeyir Həsənov deyir ki, səhərdən axşama əlimizdə çomaq ayıq-sayıq olmalıyıq. Çobanlar gecələr də ayıq-sayıq olmalıdırlar. Vəhşi heyvanların hücumu, təbiət hadisələri təsərrüfata baxanlardan böyük qoçaqlıq tələb edir.
Bu da Kəlbəcər yaylağının bir günü. Aşığın ifa etdiyi bu dağlara yaraşan gözəl saz havası gecənin səsinə qarışır...
Mina RƏŞİD