21.09.2024, 03:13
AZ EN
20.05.2024, 16:52 232

Laçının Sus kəndinin ilk sakinləri, daha 39 ailə öz yurduna dönəcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Həkəri çayının sol sahilində, füsunkar bir yerdə inşa edilən Sus kəndi növbəti dəfə doğma sakinlərini qarşılamağa hazırdır. Bu dəfə 39 ailədən ibarət köç karvanı öz yurduna yola düşəcək.

Qarabağa qayıdışın növbəti ünvanı olan Laçın rayonunun Sus kəndində artıq 20 ailə yaşayır. Mayın 24-də isə növbəti köç olacaq. İlk mərhələdə ümmilikdə 59 ailə olmaqla, 214 keçmiş məcburi köçkün yurdlarına dönəcək. Ailələr say tərkibinə uyğun olaraq 2, 3, 4 və 5 otaqlı evlərdə yaşayacaqlar. Sakinlərə evlərin paylanılması püşkatma yolu ilə keçirilib.

Sus kənd sakini, Rafiq Hüseynov:

-Püşkatmaya getdik,  29 nömrəli ev bizə düşdü. Yaxşıdı hər şeyimiz. Allah Prezidentimizi, ordumuzu qorusun. 32 il həsrətdən sonra torpağımıza qayıtdıq. 3 otaqdı, hər şərait də var.

Kənddə məktəb və digər sosial obyektlər də tikilib. Hər ailəyə 12 sot həyətyanı sahə verilib. İlk köçdən cəmi bir neçə gün keçməsinə baxmayaraq, sakinlər artıq əkin işlərinə başlayıblar.

Sus kənd sakini, Nazim Hüseynov:

-9-u köçmüşük bura. İlk əkdiyim 2 xarı bülbüldü, pomidor şitilləri vurmuşam. Yavaş-yavaş sahəni daş-kəsəkdən təmizləyirəm tərəvəz bostanı əkmək üçün. Bir ildən sonra inşallah, qismət olsa, gəlib görərsiniz təbiətin gözəlliyi necə olur. O ağacları da hazır veriblər bizə, biz də gələcəkdə davam edəcəyik.

Qeyd edək ki, Susa ilk mərhələdə Bakı şəhərinin Qaradağ rayonunda, yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan 20 ailə köçürülüb.

Şükür ki, bu gün Qarabağı qorumağa ordumuz, bu torpaqları əkib becərməyə isə soydaşlarımız var.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər