22.11.2024, 01:29
AZ EN
10.11.2023, 16:28 222

Sakin: "Laçındakı çal-çağır yaralarımıza məlhəm oldu"

ŞƏRQİ ZƏNGƏZUR
  • "Laçındakı çal-çağır laçınsız günlərimizin yaralarına məlhəm oldu".

Bunu Laçın şəhər sakini Xəyyam Cəfərov bildirib.

O, Laçın işğal olunanda 9 yaşı olduğunu söyləyib: "Ermənilərın evlərimizi yandırmaları hələ də gözümün önündən getmir. Yaşım az olsa da, bu dəhşətli səhnəni həzm edə bilmirdim. Düşünürdüm ki, axı bu necə ola bilər, kimsə sənin evini yandırsın, sən də heç nə edə bilməyəsən. Laçına çəkilən "dağ", o alovlar gözümün qarşısından heç vaxt getmədi".

X.Cəfərov bu gün doğma ata yurdunda yenidən inşa edilən evinin sevincini belə ifadə edib: "Bu günümüzə min şükür olsun deyirəm. İllərdir etdiyimiz dualar qəbul oldu. Elimizdə, obamızdayıq, ən əsası uşaqlıq illərimin 9 ilini yaddaşımda silinməyəcək şəkildə qalan doğma evimizdə ocağımızı yandırırıq. Ölkə başçısına nə qədər təşəkkür etsək də azdır. Əsgərlərimizə nə qədər minnətdar olsam yetməz, şəhidlərimizin ruhu qarşısında səcdə edirəm. 30 ildə kimsə yanımda vətən deyib danışanda, el-oba deyib söhbət açanda içimdə bir sızıltı hiss edirdim. O adamlara yaxşı mənada paxıllıq edirdim. Axı bizimdə bu vətəndə evimiz olub".

Keçmiş məcburi köçkün yaşadığı həsrət dolu günlərin bitdiyinə sevinir, övladına doğma Laçını sevdirə bildiyi üçün özünü xoşbəxt sayır: "Bir övladım var, o da səkkizinci sinifdə oxuyur. Bu gün həm də ona görə çox sevinirəm ki, Laçını görməyən övladıma bu torpaqları sevdirə bilmişəm. Artıq o burada məktəbə gedir. Onun Laçını görmədən ona bu qədər vurğun olduğunu görəndə çox sevinirəm. Deməli, vətən sevgisini öz övladıma aşılaya bilmişəm. Laçına köçməyimiz barədə xəbər veriləndə çox sevindim. O sevinc hisslərini sözlə təsvir etmək mümkün deyil. İndi gələn hər insan səsi, Laçında olan çal-çağır laçınsız günlərimizin yaralarına məlhəm olur. Məskunlaşdığımız yerdən bura gələnə qədər həyəcan hissləri məni rahat buraxmadı. Burada dövlət hər cür şərait yaradıb. Əsas məşğuliyyətdir, kim hansı sahə ilə məşğuldursa, o sahədə köməklik edirlər. Hər şeydən razıyıq". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR