22.11.2024, 09:19
AZ EN
06.07.2023, 09:28 303

Yeni görünüşü ilə İsveçrəyə bənzəyən Laçın

ŞƏRQİ ZƏNGƏZUR
  • Düşmənin ərazilərimizi işğal etməsi bizim təkcə torpaqlarımızdan 30 il ayrı yaşamağımız demək deyil, eyni zamanda bizim həyatımız, taleyimiz dəyişdi. Çox şey itirdik, çox çətinliklərlə üzləşdik. Amma yaşadıqlarımız ümidimizi öldürmədi və bir gün yenidən öz ata-baba torpaqlarımıza qayıdacağımıza inandıq... Bu gün isə biz o torpaqlardayıq...

İşğaldan azad olunmuş bütün ərazilərimiz kimi Laçında da sürətli iş gedir. Füsunkarlığı ilə dillərdə dastan olan Laçın daha da gözəlləşir.

Laçın sakini Ramiz Həsənov deyir ki, Laçınımızdan aralı düşmək bizim üçün çox çətin idi. Bu gün çox qürurla, çox həvəslə Laçına gəlmişik. Gələcək planlarımız odur ki, Laçında qalıb işləyib, Laçın şəhərinin, bütün kəndlərinin abadlaşdırılmasında var gücümüzlə çalışaq.

Laçında sürətli tikinti, abadlıq işləri aparılır. Bu ilk növbədə məşğulluq imkanları deməkdir və bu prosesdə Azərbaycanın istənilən bölgəsindən işçilər bura cəlb olunub. Onlar Laçını əvvəlkindən də daha gözəl səviyyəyə çatdırmaq üçün əllərindən gələni edirlər.

“Maştağadan gəlmişik bura, abadlıq işlərinə başlamışıq, işimiz çox yaxşı gedir. Laçın camaatının bir qismi bura köçüb təmir və bərpası başa çatan evlərində rahat yaşayırlar. Yenə də gəlməkdə davam edirlər. İnşallah, tezliklər işlər yekunlaşar, camaat öz doğma evinə köçər, öz torpaqlarına sahib çıxarlar”. Bu sözləri Tofiq Həsənov deyir və əlavə edir ki, Laçında hər şey çox gözəldir.

Bakı Abadlıq Xidmətinin Memarı Elnur Abdullayev isə ilkin mərhələdə Laçında hansı işlərin görülüb başa çatması ilə bağlı İctimai TV-yə ətraflı məlumat verərək bildirdi ki, ilkin mərhələ olaraq Laçın şəhərində  bərpaya yararlı evlərin yenidən qurulması ilə bağlı qərar verilmişdi. Qısa bir müddət ərzində artıq  Laçında bərpaya yararlı və  qismən yaralı evlərin bərpasını həyata keçirdik. Son tamamlanma işləri aparılır: “Məlumat üçün bildirim ki, işğaldan öncə Laçın şəhərinin 2020 fərdi, 28 ümumi  yaşayış evi olmuşdu. Hansı ki, işğal dövründə həmin evlərdən 1500-dən artıq ev dağıntılara məruz qalmışdır. Ancaq Laçın şəhərini təhvil verdikdən sonra bərpa-quruculuq işlərinə başlayarkən  təbii ki, biz həmin evlərin  ümumi durumuna baxdıq,  hansı evlərdə bərpa etmək mümkündürsə onların artıq bərpasına  başladıq. Hətta qəza şəraiti olan evlər vardı ki,  onların bərpa edilməsi mümükün deyildi. Biz onların sıfırdan yenidən  qurulması üçün addımlar atdıq və şükürlər olsun ki, bu gün artıq onların bərpasına nail olmuşuq. Laçının özünəməxsus öz xalq memarlıq üslubu var. Biz maksimal səviyyədə bu  memarlıq üslubunu qorumağa çalışırıq, ancaq onu da qeyd edim ki, fərqli memarlıq üslubları var ki, Laçının xalq memarlıq üslubu ilə yanaşı qərb və şərq memarlıq üslublarından da istifadə olunur. Bu da  çox gözəl bir sintez olaraq  gözəl görüntülər meydana çıxarır. Həyətyanı sahələri, yaşıllıq zonaları, suvarma sistemi, evlərin fərqli fasadlarında dizayn işləri artıq bitmişdir”.

28 may tarixində cənab Prezidentin şəxsən Laçın sakinlərinə təqdim etdiyi ev açarları var. Artıq mərhələli şəkildə insanların köçü təmin  olunur. Bu yaxın vaxtlarda da bir neçə ailənin köçməsi nəzərdə tutulub. Qısa bir müddətdə  Laçın şəhərində yeni bir şəhər salınması olduqca ağır bir prosesdir. Lakin buna baxmayaraq,  dövlət orqanları tərəfindən də  müəyyən addımlar atılıb. Artıq Laçında modul tipli xəstəxana fəaliyyət göstərir. Digər ticarət obyektləri və yaxın gələcəkdə sosial obyektlərin və digər obyektlərin də  açılması nəzərdə tutulub və bu yöndə də  müəyyən addımlar atılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR