22.11.2024, 02:43
AZ EN
19.06.2023, 16:04 220

Ağalı sakinləri əkin-biçin işlərinə başlayıblar

ŞƏRQİ ZƏNGƏZUR
  • “İşdən çıxıb gəlirəm öz həyətimdəki bağımda işləyirəm. Tərəvəz məhsullarına pul verib almırıq, həyətimizdə hər şey əkmişik.Hər şeyimiz var. Şükürlər olsun Allahıma! Hamı kəndə gəlsin, kəndə. Budur, kənd həyatı, pisdir? Vallah, çox gözəldir”. Bu sözləri İctimai TV-nin Ağalıdan hazırladığı video-çəkilişi zamanı Minayə Mahmudova deyib.

Minayə Mahmudovanın ailəsi 1993-cü il oktyabrda doğma kəndi Ağalını son tərk edən ailələrdəndir. O vaxtlar böyüdüyü evdən, əziyyətlə becərdikləri torpaqdan məcburən uzaq düşsələr də,  həmişə bir gün geri dönəcəkləri ümidi ilə yaşayıblar. İşğala qədərki şad, qayğısız keçirdikləri günləri xatırlayan kənd sakini yenidən el-obalarına qayıtdıqları üçün xoşbəxt olduğunu bildirir. Kəndi tərk edəndə 20 yaşlı gənc olsa da,  Minayə xanım indi nənədir.

O, özünün əkib-becərdiyi məsulları dərdikcə Allaha şükürlər edir. Deyir ki, 30 il əvvəl burda yaşayırdıq, gözəl həyət, bağ, bağat, hər şeyimiz var idi.  İndi şükür, 30 ildən sonra yenə gəldik bura və əlavə edir ki,  Allah Prezidentimizə cansağlığı versin. Bizə bu cür gözəl şərait yaratdığına görə Prezidentimizə minnətdarıq.  Məhsul da ki, maşallah, boldur. Bəlkə də, bir pomidor şitilindən iki-üç vedrə pomidor yığırıq.

Dağların arasında yerləşən bu kəndin özünəməxsus havası var. Burda eyni vaxtda günəş çıxır, günəşlə müşayiət olunan yağış yağır. Fərqli təbiəti ilə seçilən Zəngilanın Ağalı kəndinin torpağı da çox bərəkətlidir.  Nə əkirsən ək, bol məhsul verir. Mahmudovlar ailəsi Ağalıda bu ilin fevralından məskunlaşmalarına baxmayaraq,  artıq bağlarına bütün tərəvəzləri əkiblər. Adətlərini xatırlayan Minayə xanım köhnə həyətlərindən danşır. Deyir ki, biz qonaqlarımıza həmişə öz məhsulumuzdan pay qoyardıq. Otuz il bundan öncə həyətimiz daha geniş idi. Çoxlu meyvə ağaclarımız var idi.İndi ağac yoxdur, təzə ağaclar əkmişik, hələ bar verməyib. Bizim qapımızı döyən, fərqi yoxdu, yad-qohum olsun, atam-anam, evin böyükləri həmin qonağı qarşılayardı. Həyətimizdə əkdiyimiz tərəvəzdən, mer-meyvədə gələn qonağa  pay qoyub yola salardıq.

Mahmudovlar ailəsi yenidən doğma yurd yerlərində istədikləri kimi əkin-biçin işləri görə bilirlər. Minayə xanım səbirsizliklə yenidən  evinə gələn qonaqlara pay hazırlayacağı günü gözləyir. İndi bu işdə ona mane olan yoxdur. Qalır məhsulun yetişməsinə...

Hazırladı: Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR