"Vətən səsi" xəbər verir ki, bu barədə iqtisadiyyat az saytı Dövlət Turizm Agentliyinə istinadən məlumat yayıb. Bildirilir ki, Mərkəzin yaradılması ilə bağlı məxsusi olaraq ayrıca baş plan hazırlanacaq. Bunun üçün Dövlət Turizm Agentliyi ilə “Neugest 1957 SLU” şirkəti arasında 396 min 280 manat dəyərində müqavilə bağlanıb. Müqavilən şərtlərinə görə həmin şirkət Kəlbəcər Dağ Turizm Mərkəzinin baş planının hazırlanması üçün birinci faza üzrə xidmətləri yerinə yetirəcək.
Xatırladaq ki, geniş turizm potensialına malik Kəlbəcər rayonunda məhz bu xidmət sektorunun dirçəldilməsi və ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası məqsədilə inkişaf strategiyası hazırlanıb. Dövlət Turizm Agentliyinin hazırladığı strategiyanın əsas hədəfi 2040-cı ilədək Kəlbəcər rayonunun həm sağlamlıq, həm də dağ turizmi istiqamətində regionda ən çox ziyarət olunan üç destinasiyadan birinə çevirməkdir.
Mütəxəssislərin fikrincə, Kəlbəcərdə qış turizminin inkişafı həm yerli əhalinin məşğulluğunun təmin edilməsinə, həm də bütövlükdə respublikada turizmi sektorunun inkişafına əhəmiyyətli dərəcədə təkan verə bilər. Xüsusilə dağlar, meşələr, çaylar, termal suları ilə zəngin olan Kəlbəcərdə bu növ turizmin inkişafı bərpa və quruculuq işlərinin geniş vüsət aldığı həmin regionda infrastrukturun təkmilləşməsi, iqtisadiyyatın güclənməsi və xarici sərmayənin cəlb olunması üçün geniş imkanlar yaradır.
Elxan SALAHOV