Azərbaycan Respublikasının Qubadlı rayonunun Muğanlı kəndi Mahruzlu kənd inzibati ərazi dairəsinə daxildir. Bu kənd Həkəri çayının sol sahilində yerləşir. Məlumata görə yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Muğanlı kəndindən gəlmiş ailələr salmışlar. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Mənbələrdən məlum olur ki, şahsevənlərin tərkibində müstəqil tayfa kimi muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşdur. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi vardır. Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Xocavənd, Kürdəmir, Şamaxı, Şərur, Zaqatala, Zəngilan rayonları və digər yaşayış məntəqələri dediklərimizə əyani sübutdur. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.
İsa Musayev