Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Xocamsaxlı kəndi Bərgüşad silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Qalacıq Xocamusaxlıdır. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Xocamusaxlı kəndindən çıxmış ailələr salmışdır. Onu da qeyd edək ki, Xocamsaxlı tayfası qədimdən Zəngəzur qəzasında yaşamışdır. Onların keçmişdə Qalacıq, Dəstəgird və Mazutlu adlanan qışlaqları sonralar tədricən müstəqil yaşayış məntəqələrinə çevrilmişdir. Xocamsaxlı kəndi ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrlərə qədər qalan istehkam-qalacalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalacalar e.ə. I əsrdə Atropatena və Albaniya dövlətini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. Kənddəki "Qala" rayon işğal olunana qədər dururdu. Kənd sakinləri hələ də kəndin əski adını daha çox işlədirlər. Xocamsaxlı Antrotoponimi Qalacıq toponimindən çox-çox sonralar yaranmışdır. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
İsa MUSAYEV