22.11.2024, 03:03
AZ EN
21.11.2022, 15:16 435

Dağlar gözəli Qaragöl

ŞƏRQİ ZƏNGƏZUR
  • Ona “dağ mirvarisi” də deyirlər.  Dağlar gözəli Qaragöl Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində  yerləşir. Xüsusi maraq doğuran göl yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətlidir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdilər.

Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci il oktyabrın 17-də Azərbaycan və Ermənistan Respublikalarının direktiv orqanlarının qərarı ilə yaradılmış və respublikalararası dövlət qoruğu elan edilmişdi. Ərazisi 240 hektardır. 
Qaragöl Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552m)  yamacında 2650-2700 m hündürlükdə yerləşir.
Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir.

Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Onun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərib.
Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Cənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasaddır. Burada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir.
Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir.
Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuş və 30 ilə yaxın davam edən işğal prosesindən sonra burada üçrəngli bayrağımız dalğalanır.
Bu gün möcüzəli Qaragöldən görüntülər işğaldan azad edildikdən sonra ilk dəfə olaraq İctimai Televiziyada yayımlandı. Qarlı havada, sərt iqlim şəraitində göl, demək olar ki, tamamilə donmuş vəziyyətdədir.

Bu gün Laçın rayonunda sürətlə quruculuq işləri həyata keçirilir. Abadlıq işlərindən və ayrı-ayrı hazır evlərdən gələn işıqlardan bəlli olur ki, bu gözəl təbiətli ana torpağa Böyük qayıdışımız heç də uzaqda deyil.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR