Tarixən gölün suyundan Laçın rayonunun əhalisi mal-qara və əkin yerlərinin suvarılması, habelə balıqçılıq üçün istifadə ediblər. Sahəsi 240 hektar olan göl İşıqlı dağının ətəyində əsrarəngiz təbii gözəlliyi ilə hər kəsi heyran edir. Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Ağoğlançayın mənbəyində, Böyük İşıqlı dağının (3548m) şimalında qərar tutmuş bu təbiət gözəlini ermənilər sonradan “Sevliç” adlandırmala toponimi öz xislətlərinə uyğun dəyişmək istəyiblər.
Qaragöl həmişə ermənilərin yuxusuna haram qatıb, xəbis niyyətini həyata keçirmək üçün illərlə fürsət gözləyən işğalçı qonşumuz təbii sərvətlərimizə də sahib çıxmağa çalışıblar. Hələ sovet dövründə Qaragölü ələ keçirmək üçün ötən əsrin 60-70-ci illərində minbir hiyləyə əl ataraq saxta xəritələr hazırlayır, “tarixçi alimlər” göz yaşlarını mürəkkəbə qataraq gölün guya, ermənilərə məxsus olması haqqında cəfəngiyat uydurublar.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra ermənilərin əsassız iddialarına son qoyuldu. Təəssüf ki, ümummilli lider SSRİ rəhbərliyinin əsassız təzyiqləri nəticəsində mərkəzi hakimiyyətdəki vəzifəsindən istefa verəndən sonra ermənilər yenidən fəallaşaraq öz çirkin niyyətlərini həyata keçiriblər. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid hələ 1989-cu ildə “Elm və həyat” jurnalında Qaragölə göstərilən ögey münasibət haqqında məqalə dərc etdirərək Azərbaycan xalqının Qaragölün taleyindən narahatlığını geniş ictimaiyyətə çatdırmışdı. Həmin məqalədə qeyd olunurdu ki, Böyük İşıqlı dağının ətəyində yerləşən Qaragöl və ətraf otlaq sahələri Gəloxçu tayfası adlanan doqquz para kəndin (Qaraqışlaq, Hacılar, Quşçu, Soyuqbulaq, Qılışlı, Mişni və s.) inzibati ərazisi olub.
Yazağzı dədə-babalarımız by yaylaqlara qalxar, bu otlaqlarda mal-qoyun saxlayardılar. Xalq Qaragölə müqəddəs ibadətgah-pir kimi baxırdı. Camaat payızda yaylaqdan köçəndə gölün sahilindəki böyük daşın (“Çıraq daşı” nəzərdə tutulur) üzərində piltə yandırırdılar. Bu yerlərin sakinləri ətraf dağların (Keçəl dağ, Böyük İşıqlı, Sarı Dağ, Göy Dağ, Dəmirdaş, Boz dağ) və otlaqların (Ayıdərəsi, Əyriqar, Dəlijəli,Yolaşan) adlarını lap qədimdən öz dillərində adlandırmış, nəsildən-nəsilə ötürmüşlər”, - deyə məqalədə vurğulanırdı.
Keçmişdə buraxılan səhvləri ötən ilin yayından qəhrəman silahlı qüvvələrimiz aradan qaldırdı və Qaragöl erməni işğalından azad edildi. Ermənilər öz xislətlərinə uyğun vay-şüvən qoparsalar da, dünyanı köməyə çağırsalar da, havadarları onların bu sərsəm çağırışlarına səssiz qaldı. Danılmaz faktdır ki, ermənilərin iddiya etdiyi Qaragöl ərazisi bir vaxtlar onların tərəfindən zəbt olunub. Tarixçilərin və analitiklərin qənaəti belədir ki, Azərbaycan hökuməti haqlı olaraq o dövrə aid rəsm sənədləri və xəritələri ortaya qoyaraq sərhədlərin dəqiqləşdirilməsi işini aparır. Bütün bunlar həm də tarixi ədalətin bərpa olunmasına yönəlik addımdır. Çünki Zəngəzurla sərhəddə xeyli mabahisəli ərazilər var ki, ermənilər öz havadarlarının köməyi ilə oranı zəbt ediblər. Ordumuz üzərinə düşəni həyata keçirərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edib. Belə ki, Vətən müharibəsindən sonra düşmənin şərti dövlət sərhədində törətdiyi təxribatlara cavab olaraq silahlı qüvvələrimiz 2021-ci ilin yazında Böyük İşıqlı dağını və onun ətrafındakı otlaq sahələrini düşmən tapdağından azad etdi. Bununla da füsunkar və əsrarəngiz Qaragöldə Azərbaycan dövlətinin suverenliyi tam təmin olundu.
Röya SALMANQIZI