Çardaxlı yaşayış məntəqəsi rayon ərazisində mövcud olmuş ən qədim kəndlərdən biridir. Çardaxlı düzünün Pəyhan adlanan ərazisində orta əsrlərə aid qəbiristanlıq, daş kitabələr, Gözətçi qalasının söküntüləri qalmaqdadır. Xalq etimologiyasına görə, Çardaxlı toponimi keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çar dağının adı ilə əlaqələndirilir.
Çardaxlı kəndinin 1500 metirliyində Cəfərxanlar kəndi yerləşir. O kəndin əhalisi Korcalanlı kəndindən köçərək həmin ərazidə məskunlaşmışdır. Çardaxlı adlı toponimlər Şəmkir-Çardaxlı, Tərtər-Çardaxlı Zaqatala-Çardaxlar, Ayqır dağda Təpəlik və Yaylağın adı-Çardaxlı təpəsi, Çardaxlı yaylağıdır.
Türkiyədə isə Çardaxlı adlı çoxlu kəndlər, Qərbi Azərbaycanda Pəmbək vilayəti, Çardaxlı düzü, Çardaxlı təpəsi mövcud olmuşdur. Qızıl qaya adlanan ərazidə köhnə kənd yerinin qalıqları bizlərə Çardaxlı kəndinin daha qədim olmasından xəbər verir.
Toponimləri : Keçi qayası, Ballı qaya, Qızıl qaya, Zaman güneyi, Həcətgə, Ayı ölən, Ehsan bulağı, Porsuq çuxuru, Səfər bulağı, Keçəl təpə, Top daş, Pəyhan, Bədi dərəsi, Əmirxanlar, Daşlı dərə, Camal yeri, Qənbər bulağı, Quru qobu, Dərə, bağ və.s.
Bu gün Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində Çardaxlı abidələri və qədim kənd yeri qalmaqdadır.
Çardaxlı piri İmamzadə kimi qəbul olunurdu. Nəhəng palıd ağacının altında qara rəngli daş var. Həmin daşın üstünə nəzir qoyulur, dualar edilirdi.
Dərə bağ Qısıraq bulağının dərəsindədir. Yataq yeri adlanan yastanın alt hissəsində Çardaxlı kəndinin alma bağları vardır, 9 (doqquz) hektar ərazini tuturdu.
Daşlı dərə. Çardaxlı kəndində Qarağac kəndi ilə Çardaxlı kəndi arasında yerləşən dərə, dərənin içərisi böyük daşlarla örtüldüyünə görə adlandırılır.
Quru boğaz. Çardaxlı kəndində olan ərazidir. Heç vaxt su olmadığına görə adlandırılıb.
Ağ bulaq. Çardaxlı kəndi ərazisində suyu çox bol olan bulaqdır. Suyunun bir hissəsi rayon mərkəzinə, bir hissəsi isə Xələc kəndinə gətirilirdi. Suyu ağ olduğuna görə yaranan hidronimdir. Həm də ağ sifət bildirən söz olduğuna görə də Ağ bulaq adlandırılmışdır.
Çardaxlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Hazırladı:Tahirə AĞAMİRZƏ