O, sevinc hisslərini bölüşüb.
Elçin Kərəmov 1976-cı il iyulun 5-i Laçın şəhərində anadan olub. 1992-ci ilə qədər bu şəhərdə boya-başa çatıb, məktəbə gedib. Laçın işğal olunandan sonra ailəsi ilə birgə Bakıda məskunlaşıb. Düşməndən qisas almaq arzusu ilə 1994-cü ildə hərbi sənətini seçib. O vaxtdan bu günədək Vətənin keşiyini çəkir.
“Bu il avqustun 26-da Ali Baş Komandanın əmri ilə Laçın şəhərinə daxil olduq. Mən buraya bir laçınlı, hərbiçi kimi gəldim. Sevincimin həddi-hüdudu yoxdur”, - deyən Hərbi Hava Qüvvələrində Şəxsi heyət şöbə rəisi, polkovnik-leytenant Elçin Kərəmov özünü xoşbəxt hiss etdiyini söyləyib: “Keçən 30 ildə atam rəhmətə getdi, çox vətənpərvər insan idi. Təəssüflər olsun ki, Laçının həsrəti ilə dünyasını dəyişdi, görmək qismət olmadı. Bu gün isə çox qürurverici gündür. Atam bu günləri görməsə də, oğlu kimi mən Laçındayam”.
Elçin Kərəmov işğaldan azad olunan digər şəhər və rayonlarımız kimi, yaxın gələcəkdə Laçının da yenidən qurulacağına əminliyini ifadə edib. “Ümid edirəm ki, yaxın zamanlarda Laçın sakinləri Laçında, eləcə də kəndlərdə məskunlaşaraq, keçmiş ata-baba yurdlarını dirçəldəcəklər. Bu, mənim laçınlı olaraq ən böyük arzumdur”, - deyə o bildirib. (AZƏRTAC)