Qorçu sözü özündə “qoruq”, “qorumaq”,“qoruyucu” anlayışlarını bildirməklə yanaşı, həm də “gizli” və ya “məxfi” mənasını ehtiva edir.
Qorçu kəndi Kiçik Qafqazın dağlarından biri olan Muxtökən dağ silsiləsinin cənub-şərq ətəyində, mənbəyi Buzxana,Yelligədik,Çalbayır su ayrıcından alan Qorçu çayı və Namlı çayın su qovuşağında, Laçın rayon mərkəzindən 60 km uzaqda, dəniz səviyyəsindən 1884 metr yüksəklik ərazidə yerləşir. Tarixi qaynaqlarda Qorçu kəndi kənd kimi XVII əsrdə təşəkkül tapdığı haqqında məlumatlar var. Mənbələrdə qeyd edilir ki, kəndin təməl daşı XVII-ci əsirdən qabaq qoyulmuşdur. Qorçu sözü türk mənşəyli söz olub Qor-çu yəni qoçu başı və eyni zamanda qədim türk ordusunda hərbi rütbə kimi işlədilib. Qorçu kəndi Azərbaycanın başqa kəndləri kimi müxtəlif vaxtlarda müxtəlif tayfalardan gələn türk mənşəli tayfalardan ibarət olmuşdur. Kəndin bünövrəsi əsasən Qaraçanlı tayfasından ibarət olub. Qorçu kəndinin ərazisində dulusçuluq emalatxanası tarixi yer kimi qalmaqdadır, kəndin yaşlı ağsaqqalları oranı göstərib deyərmişlər ki, o, yeri əkən vaxtıları saxsı qab qırıntılarından əkmək mümkün deyildi. Qorçu kəndi qərbdən Zağaltı(Alıbəyli), şimal-qərbdən Lolabağırlı kəndi, şərqdən isə Korcabulaq kəndi ilə əhatə olunub, eyni zamanda şimal-qərbdən Kəlbəcər rayonuna məxsus Qalaboynu və Bəylik kənd əraziləri ilə də həmsərhəddir.
Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Tahirə AĞAMİRZƏ