21.11.2024, 22:13
AZ EN
18.04.2022, 17:12 399

Dövlət Komitəsinin şöbə müdiri: “Kəlbəcərdə əsgərimiz ciddi bir faciənin qarşısını aldı”

QARABAĞ
  • "Kəlbəcərdə əsgər Mərdəli Aşurov, onun digər əsgər yoldaşları, komandirləri minanı zərərsizləşdirdilər və ciddi bir faciənin qarşısını aldılar".

Bunu açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov Kəlbəcərin Günəşli kəndində mina aşkarlanması məsələsi barədə danışarkən deyib.

O hadisənin təfərrüatını danışıb:

“Aprelin 16-da bir qrup keçmiş məcburi köçkünün Kəlbəcər rayonuna səfərini təşkil etdik. Səfər zamanı qətliam baş vermiş Tuneldə olduq, ərazidə tədbir keçirdik. Sonra iki yerə bölündük. Səfər iştirakçılarının bir hissəsi Başlıbelə getdi, digər hissəsi isə mətbuat nümayəndələri ilə birgə Günəşli kəndinə yola düşdü. Biz Günəşlidə qəbiristanlıqda olduq. Orada şəhidlərin qəbirləri ziyarət olundu. Geri qayıdarkan kənd ərazisində bir nəfər xahiş etdi ki, yolumuzun üzərində onun evi var, ora düşmək istəyirdi. Təbii ki, biz ona icazə vermədik. Müdafiə Nazirliyinin minaaxtaranları ilə bir yerdə həmin əraziyə düşdük. Bu zaman əsgərimiz yolumuzun üzərində tank əleyhinə mina aşkarladı. Təhlükəsizliyimiz təmin edildi. Minanı tapan əsgərimiz Mərdəli Aşurov idi. Onun digər əsgər yoldaşları, komandirləri də orada idi. Sonra minanı zərərsizləşdirdilər və olacağı ciddi bir faciənin qarşısını aldılar”.

S. Hüseynov xatırladıb ki, 2020-ci ilin noyabrın 10-da imzalanan kapitulyasiya aktından sonra Kəlbəcər rayonu bizə təhvil verilməli idi:

"Ermənilər əlavə vaxt istədilər. Ölkə rəhbəri də humanizm göstərərək onlara 15 gün əlavə vaxt verdi. Və həmin dövrdə ermənilər evləri yandırdılar, dağıtdılar, oradan çıxarkən ərazini minaladılar.

Məqsəd məcburi köçkünlərin geriyə qayıtmasını əngəlləməkdir. Yəni, bu əraziləri çirkləndirirlər, mina xəritələrini vermirlər. Verdikləri mina xəritələrinin 80%-i isə feykdir.

Biz də bütün keçmiş məcburi köçkünlər dünyadan, beynəlxalq təşkilatlardan kömək istəyirik ki, bu mina ilə çirklənmiş ərazilərin təmizlənilməsində bizə kömək etsinlər. Çünki bu gün minadan təmizlənmə ümumi problemdir, bahalı bir prossesdir. Bu işdə dünya bizə kömək etməlidir”, - şöbə müdiri vurğulayıb. (Report)

Oxşar xəbərlər