26.07.2025, 02:00
AZ EN
24.07.2025, 16:16 210

Böyük Qayıdış: Həsənriz kəndində daha 29 ailəyə mənzillərin açarları təqdim olunub

QARABAĞ
  • İşğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bu mərhələdə Həsənriz kəndinə 29 ailə - 114 nəfər köçürülüb. Həsənrizə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov öz doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür şəraitin yaradıldığını bildirib.

Keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır. (AZƏRTAC)

Oxşar xəbərlər