08.09.2024, 07:11
AZ EN
20.06.2023, 15:02 297

Ağdamda bir gün...

QARABAĞ

Bir neçə gün öncə atam Novruzov Yüzasif Binnət oğlunun vəfatının 40-cı ildönümü idi. 30 il yaxınlarının onu ziyarətinə həsrət qalan atamızın məzarını ailəlikcə ziyarət etmək üçün Azərbaycan Respublikası Prezidentinin Qarabağ və Şərqi Zəngəzur üzrə (Şuşa istisna olmaqla) Xüsusi Nümayəndəsinə etdiyimiz müraciətə müsbət cavab verilmişdi. Atamın övladlarından və nəvələrindən ibarət 16 nəfərlə Ağdamın Abdal kənd məzarlığına getdik. Görkəmli sənətkar Səxavət Məmmədovun və digər tanıdığımız mərhumların ruhlarını da ziyarət etdik. Sonra Ağdam şəhərini, Şahbulaq kompleksini, Xaçınçay Su Anbarını ziyarət etdik, qohumlar birlikdə Ağdam torpağında, Şahbulaq kofesində nahar da elədik.
Hər kəs kimi, Ağdamın möhtəşəm tikililərinin, tarixi abidələrinin yerlə-yeksan edilməsini, Ağdam şəhərinin, Abdal-Gülablı, yol boyu müşahidə etdiyimiz Muradbəyli, Şelli, Şıxbabalı, Muğanlı, Bağbanlar, Pirzadlı, Saybalı, Xıdırlı, Əhmədavar, Seyidli, Qiyaslı və digər kəndlərin xarabazara çevrilməsini görmək qəbimizə qara qanlar axıdırdı. Lakin Ağdamda gedən quruculuq işləri, avtomobil və dəmir yollarının çəkilib başa çatması, yenidən tikiləcək Ağdamın Baş Planı içimizdə inam hissini daha da artırırdı. Əmin olurduq ki, tez bir zamanda doğma yurda, dağlar qoynunda yerləşən Ağdama qovuşacağıq. Bizlərə qismət etdiyi bu günə görə tanrıya şükürlər, Müzəffər Ali Baş Komandan, Fateh-Prezident İlham Əliyev başda olmaqla, doğma Ağdamımızın bizə qaytarılmasında canlarını, qanlarını əsirgəməyən bütün həmvətənlərimizə içimizdə minnətdarlıq duyğuları, şəhidlərimizə dualar, qazilərimizə şəfa diləkləri ilə yeni salınməş möhtəşəm asfalt yolla Ağdamı tərk edib geri döndük...

 

Təhmasib Novruzov,

Ağdam şəhərindən keçmiş məcburi köçkün.

Oxşar xəbərlər