Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 43 min hektar təbiət qoruğu və yasaqlıqları ermənilər tərəfindən məhv edilib. Düşmən qəsdən, hətta məqsədli şəkildə Qarabağ və Şərqi Zəngəzurun təbiətinə sağalmaz yaralar vurub, flora və faunasına qarşı ekosid törədiblər. İşğaldan əvvəl “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş çoxsaylı nadir bitki və heyvan növləri məhv edilib, 13 min hektar ərazidə qiymətli ağaclar misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol növünün əksəriyyəti ermənilər tərəfindən məhv edilib.
Hərbi əməliyyatlar zamanı ermənilərin qadağan olunmuş fosfor bombalarından istidifadə etməsinin məqsədlərindən biri də su ehtiyatlarının çirkləndirmək, meşələri yandırmaq idi. Təsadüfi deyil ki, bu cür bombaların düşdüyü ərazilərdə hər şey tamamilə məhv olub. Otuz illik işğal dövründə Azərbaycan xalqına məxsus yeraltı və yerüstü sərvətlər, flora və fauna, tarixi, mədəni-dini abidələr talan edilib.
Qarabağ və Şərqi Zəngəzurda təbiətin dirçəldilməsi dövlətimizin başçısı İlham Əliyevin birbaşa nəzarətindədir. 1988-ci ildə ermənilər tərəfindən kütləvi şəkildə məhv edilən Topxana meşəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bərpa işlərinə başlanıb. Burada palıd, vələs, dağdağan ağacları əkilib, həmçinin Laçın və Şuşada yeni yaşıllıq zonaları yaradılır.
Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib. Bu günə qədər həmin ərazilərdə 42 hektar sahədə 40 minə yaxın ting əkilib. Həmçinin Cəbrayıl rayonunda Türkiyə ilə birlikdə tinglik sahəsi salınır.
Röya SALMANQIZI