Qəsəbədə sakinlərin rahat yaşaması üçün bütün zəruri şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur tam bərpa edilib. Hazırda sakinlərin sosial rifahının yüksəldilməsi məqsədilə aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bu çərçivədə qəsəbə sakini Yavər Qurbanov özünüməşğulluq proqramına cəlb olunaraq iribuynuzlu heyvandarlıq təsərrüfatı yaradıb. O bildirir ki, artıq inəklərdən biri bala verib və təsərrüfatda ilk artım qeydə alınıb.
Doğma yurduna qayıtmağın sevincini bölüşən Yavər Qurbanov deyib: "Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində doğma torpaqlarımızdan məcburi köçkün düşdük. Ötən illər ərzində müxtəlif yerlərdə yaşasaq da, ürəyimiz həmişə bu torpaqlarla döyünürdü. Ümid edirdik ki, nə vaxtsa bura qayıdacağıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və güclü ordumuzun şücaəti sayəsində Xocavəndə qovuşduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".
34 ildən sonra ata-baba yurduna qayıtdıqlarını vurğulayan sakin yaradılan şəraitdən razılığını ifadə edib: "Burada hər cür şəraiti olan evlə təmin edilmişik. Qəsəbənin havası çox təmiz və şəfalıdır. Məskunlaşdıqdan sonra, noyabrın 26-da mənə özünüməşğulluq proqramı xətti ilə 3 baş inək verildi. Artıq biri bala verib, təsərrüfatımız böyüyür. İnşallah, gələcəkdə bu heyvanların sayını daha da artıraraq təsərrüfatımızı genişləndirəcəyik".
Qırmızı Bazar qəsəbəsində reallaşdırılan bu cür sosial layihələr işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanı təmin edən mühüm amillərdən biridir. Dövlətin dəstəyi ilə qurulan fərdi təsərrüfatlar yerli sakinlərin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, bölgədə kənd təsərrüfatı məhsullarının istehsalına da müsbət təsir göstərir. Bu nümunə göstərir ki, Böyük Qayıdış təkcə insanların öz evlərinə dönməsi deyil, həm də doğma torpaqlarda firavan və işgüzar həyatın tam bərpasıdır. Beləliklə, Xocavənd sakinləri illərin həsrətindən sonra öz yurdlarında həm qurub-yaradır, həm də gələcəyə inamla baxırlar. (AZƏRTAC)