Bu günlərdə BakuTV-nin əməkdaşları Xıdırlı məktəbində olub və təhsil ocağından qürurverici görüntüləri və müsahibələri ictimaiyyətə çatdırıb.
Məktəbin direktoru Mətanət Məmmədova bildirir ki, Xıdırlı kənd orta məktəbində hazırda 226 şagird təhsil alır. Direktor deyir ki, özü də vaxtilə Xıdırlıda orta məktəbdə təhsil alıb. Ali təhsil aldıqdan sonra yenidən doğma kəndə qayıdaraq məktəbdə müəllim kimi işləməyə başlayıb. Amma bu cəmi 3 il davam edib. Torpaqlarımızın işğalı ilə bağlı Mətanət müəllimə də 26 yaşında Xıdırlını tərk etmək məcburiyyətində qalıb. Deyir ki, sonrakı illərdə o təhsil sahəsində işlərini davam etdirib. Amma harada çalışsa da doğma məktəbini unuda bilməyib.
2025-ci il sentyabrın 15-də yenidən Xıdırlı kənd orta məktəbinə direktor kimi qayıdıb. Mətanət müəllimə bildirir ki, işğaldan azad eilmiş bu torpaqlarda işləmək bizdən böyük məsuliyyət tələb edir: “Biz artıq elə bir gənc nəsil yetişdirməliyik ki, onların milli şüuru daha da inkişaf etsin, onlar dövlətçiliyimizə, müasir idarəçiliyə daha layiqli gənclər olsunlar.
Məktəbin riyaziyyat müəllimi İlahə Qarayeva da söyləyir ki, Xıdırlıda çalışmaq çox qürurvericidir: “Bu torpaqlar şəhidlərimizin qanı, canı bahasına alınıb. Şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə can sağlığı arzulayıram”. İlahə müəllimənin anası Xıdırlıdandı. Deyir ki, anam həmişə bizə bu kənddən danışardı. Mənim təsəvvürümdə Xıdırlı çox gözəl kənd idi. İndi kənd işğaldan azad edildikdən sonra yenidən qurulub və daha da gözəl olub. Həmişə bura gəlmək istəmişəm, çox xoşbəxtəm ki, indi məhz bu məktəbdə çalışıram.
İşğaldan azad edilmiş Xıdırlı kəndindəki yeni və müasir məktəbin müəllimləri kimi, onların şagirdlərinin də sevinci sonsuzdur. Torpaqlarımızın azadlığı əbədi, sevincimiz daim olsun!
Mina RƏŞİD