15.12.2025, 19:08
AZ EN
15.12.2025, 16:26 193

Onlar öz peşələri ilə doğma yurda töhfələr verəcəklər

QARABAĞ
  • Uzun illər davam edən həsrətdən sonra doğma yurdlarına qayıdan sakinlər üçün yalnız fiziki bərpa deyil, həm də iqtisadi və sosial həyatın yenidən qurulması prioritet məsələdir. Azərbaycan hökuməti azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı təmin etmək məqsədilə, qayıdan vətəndaşların öz bizneslərini qurmasına və inkişaf etdirməsinə yönəlmiş geniş dəstək proqramlarını həyata keçirir.

Bu istiqamətdə azad olunmuş ərazilərimizdə Özünüməşğulluq proqramının icrası çərçivəsində təkcə dekabr ayında 30 nəfər keçmiş məcburi köçkünə avadanlıqlar təqdim olunub. Onlardan biri də Füzuli sakini Qəhrəmanzadə Rahim Cəlal oğludur. O, Dost TV-yə müsahibəsində bildirib ki, məşğulluğa 2 ay əvvəl müraciət etmişdi. Artıq istədiyi Poliqrafiya xidməti üzrə avadanlıqlarla təmin edilib. Əvvəllər də bu işdə çalışan Rahim Qəhrəmanzadə öz sevincini paylaşıb və buna görə dövlətimizə təşəkkürünü bildirib.  

Onu da bildirək ki, məşğulluq proqramından elə təkcə Xocalının Ballıca kəndindən 4 nəfər yararlanıb. Onlardan 3 arıçılıq, 1-i isə qoyunçuluq təərrüfatı ilə məşğul olur.

Ballıca sakini Orxan Həsənov deyir ki, o məşğulluq proqramına 5 ay əvvəl müraciət etmişdi. Hazırda qoyunçuluq təsərrüfatı üzrə ona 21 qoyun verilib və digər ləvazimatlarla təmin edilib.

Laçın sakini Səadət Səfərəliyeva isə Qadın gözəllik salonu üçün avadanlıqlarla təmin edilib. Köçkünlük illərində Sumtqayıtda çalışan və 14 illik iş təcrübəsi olan Səadət xanım bu gün doğma Laçında yaşayıb-yaradacağı üçün çox sevinir.

Laçın sakini Elmira İsgəndərova dərzidi. Deyir ki, bu sənəti anasından öyrənib, 12-13 yaşlarından dərzi kimi çalışır. Köçkünlük illərində Nərimanov rayonunda yataqxanada yaşayırdı və köhnə tikiş maşını ilə orada çalışırdı. İndi isə onun sevincinin hüdudu yoxdur. Çünki o bir tərəfdən doğma yurduna qovuşub, digər tərəfdən isə öz sevimli peşəsi ilə həmyerlilərinə xidmət edəcək. Yataq dəsti tikməyi planlaşdıran Elmira xanım Bəylik kəndində hələ ki, yeganə dərzidir. O, müraciət edənlərin  xırda sifarişlərini də yerinə yetirəcək. 4 ay əvvəl məşğulluq proqramına müraciət edən dərzi indi öz işini qurmaq üçün hər çürə avadanlıqla təmin olunub.    

Elmira xanım deyir ki, Allah dövlətimizi var eləsin, Prezidentimizə uzun ömür versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Mina RƏŞİD

Oxşar xəbərlər