Xocavəndin Hadrut qəsəbəsində sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib. Hər kəs şəhid əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Anım mərasimində Xocavənd sakinləri ilə bərabər, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidmətinin, hüquq-mühafizə orqanlarının, ANAMA-nın əməkdaşları, hərbçilər, Xocavənddə tikinti-quruculuq işlərində çalışan işçilər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur. (AZƏRTAC)